Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilmişdir
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyəti fəaliyyətini onlayn formada davam etdirir.
13 aprel 2021-ci il tarixində Fizika Fakültəsi TEC-in ''Fizika bu gün'' adlı onlayn elmi seminarı Microsoft Teams platforması üzərindən keçirildi.Seminarda fakültə müəllimləri, qonaqlar, TEC üzvləri, dekan müavinləri - Vusal Məmmədov, Şəhla Hacıyeva, Məhəmməd Məhərrəmov və tələbələr iştirak etdilər. Seminarı, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dosent Arif Orucov açıq elan edərək, qeyd etdi ki, bu il Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar olaraq, cənab Prezident İlham Əliyev tərəfindən Nizami ili elan olunmuşdur. Nizami Gəncəvi dahi bir şəxsiyyət olmuşdur və əsərlərində bir çox elm sahələrinə aid fikirlər yer almışdır. Nizaminin elmi fəlsəfi dünya görüşləri fiziklərin diqqətindən kənara qala bilməz. Ona görə də Nizami Gəncəvi yaradıcılığı və onun elmi-dünyəvi görüşünə öz münasibətimizi bildirmək üçün Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş seminar keçirməyi nəzərdə tutmuşduq. O, həmçinin qeyd etdi ki, Nizami Gəncəvi öz əsərlərində bir çox fiziki hadisələrdən geniş bəhs etmişdir Sonra II kurs magistrantı Aynur İbrahimova ''Nizami Gəncəvinin fiziki-fəlsəfi dünyagörüşü", I kurs, fzming01 qrup tələbəsi Aysu Aslanzadə "Nizami Gəncəvinin aləm haqqında düşüncələri" mövzusunda məruzə etdilər. Məruzələr ətrafında müəllim və tələbələrin müzakirəsi baş tutdu.