Fizika fakültəsində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib
Fizika fakültəsində 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev tələbələrə Anım Günü ilə bağlı məlumat verərək, 5 il əvvəl 44 günlük ikinci Qarabağ savaşında Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər barədə danışıb. Qeyd olunub ki, həmin savaşda üç minə yaxın azərbaycanlı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verərək şəhid olublar. Sonrakı üç il ərzində də düşmən təxribatı nəticəsində şəhidlərimiz olub. 2023-cü ilin sentyabrında Azərbaycanın qəhrəman oğulları torpaqlarımızı azad edərək Azərbaycan dövlətinin suverenliyini tamamilə bərpa edib. Bu gün Qarabağın bütün şəhərlərində Azərbaycan bayrağı dalğalanır və bu qüruru bizə qəhrəman əsgərlərimiz yaşadırlar. Şəhidlərimizin əziz xatirəsi daima xalqımız tərəfindən əziz tutulur. Sonra Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, Laçın rayonundan olan Maarif Cəfərov xatirələrini bölüşüb, qazanılan Zəfərin nə qədər böyük tarixi əhəmyyət daşıdığı barədə danışıb. O qeyd edib ki, vətən uğrunda canlarını qurban verənlər öz borclarını şərəflə yerinə yetirdilər. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən tələbələrimiz də şəhidlərimizin xatirəsini əziz tutaraq öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar. Xüsusən tələbələr yaxşı oxumalı, müasir biliklərə yiyələnməli, müasir dünyagörüşünə malik olmalı, dövlətimiz və xalqımız üçün yararlı bir mütəxəssis kimi yetişmək üçün yorulmadan çalışmalıdırlar. Tədbirdə şəhidlərimizə həsr olunmuş videoçarxlar nümayiş olunub, II kurs tələbəsi Elnarə Günəşova “Qələbə səsi” şerini səsləndirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!