Fizika fakültəsində 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı tədbir keçirilib

6 mart 2026-cı il tarixində Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Gənclər Təşkilatının və Könüllülər Təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Fizik qadın alimlərin uğur yolu” adlı tədbir keçirilib. Tədbir fakültənin gənc qadın alimlərinin həyat və fəaliyyətlərinə, qazandığı uğurlara həsr olunub. Əvvəlcə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov çıxış edib, gənc qadın alimləri təqdim edib və onların həyatının indiki tələbələr üçün, xüsusən tələbə qızlar üçün gözəl örnək olduğunu bildirib. Sonra Nəzəri Fizika kafedrasının müəllimi Şahnaz Tağıyeva, Maddə quruluşu kafedrasının baş müəllimi Leyla Ağayeva, Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova və dosenti Lalə Qəhrəmanlının təhsil illəri, elmi fəaliyyəti, qazandıqları uğurlar barədə materiallar təqdim olunub. Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Fizika fakültəsinin elmi işlər üzrə dekan müavini Şəhla Hacıyeva ürək sözlərini tələbə qızlara çatdırıblar. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış edərək müasir dövrdə qadınların cəmiyyətdə rolu və yeri barədə danışıb, tələbə qızlara tövsiyələrini verib, onları bayram münasibətilə təbrik edib. Sonda gənc alim qadınlara Fizika fakültəsi adından təşəkkürnamələr təqdim olunub.
Fizika fakültəsinin rəhbərliyi və bütün kişi əməkdaşları adından fakültənin qadın əməkdaşlarını və tələbə qızlarımızı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara gözəl həyat və uğurlar arzulayırıq.