Fizika fakültəsində "Bir ad, bir tarix, bir qəhraman- Şəhid Leytenant Murad Nağıyev" adlı tədbir keçirilib

04 may 2026-cı il tarixində Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Bir ad, bir tarix, bir qəhrəman” layihəsi çərçivəsində şəhid leytenant Murad Nağıyevə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl Tələbə Gənclər Təşkilatının üzvləri şəhid Murad Nağıyevin Hərbi Memorial Məzarlıqdakı (II Şəhidlər Xiyabanı) məzarını ziyarət ediblər və onun evində ailəsi ilə görüşüblər. Tədbirdə şəhidin anası Xavər Məhəmmədi də iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlğı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış edib, torpaqlarımızın 30 illik işğalına son qoyan 44 günlük Qarabağ savaşında əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlar, xalqımızın bir yimruq kimi birləşməsi barədə danışıb, qazanılan qələbədə şəhidlərimizin əvəzsiz xidmətləri olduğunu qeyd edib. O, bu qələbəyə gedən yolun böyük maneələrdən keçdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin qələbəni təmin edə biləcək güclü iqtisadiyatın, güclü ordunun və sarsılmaz milli həmrəyliyin formalaşdığını vurğulayıb. Bəxtiyar Paşayev hər zaman şəhidləri anmağa borclu olduğumuzu diqqətə çatdırıb. Daha sonra tələbələrin şəhid Murad Nağıyevin məzarını və ailəsinə ziyarətini əks etdirən görüntülər nümayiş olunub. Fakültənin I kurs tələbəsi Aysun Hüseynova şəhid Muradın yazdığı şeiri ifa edib, Murada bəstələnmiş musiqi səslənib.
Tədbirdə çıxış edən şəhid Murad Nağıyevin anası Xavər Məhəmmədi oğlu barədə xatirələrini danışıb, tədbirin təşkili üçün minnətdarlığını bildirib.
Daha sonra Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov çıxış edib. O, Fizika fakültəsinin iki məzununun 44 günlük savaşda şəhid olduğunu, fakültə tərəfindən hər il onların anım gününün keçirildiyini, ailələrinin ziyarət edildiyini qeyd edib, şəhidlərin xatirəsini əziz tutmaqla bərabər tələbələrin əsas vəzifəsinin ölkəmiz üçün faydalı mütəxəssis kimi yetişmək olduğunu bildirib.
Tədbirin sonunda Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının(TGT) sədri Əsma Cəbiyeva və layihə komandasının üzvü Xədicə Quliyeva ürək sözlərini söyləyib və bu layihə çərçivəsində tədbirlərin davam edəcəyini diqqətə çatdırıblar.