Fizika fakültəsində birgə elmi seminar keçirilib

18 fevral 2026-cı il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasının “Fizika Problemləri” ETİ ilə birgə elmi seminarı keçirilib. Seminarda kafedranın baş müəllimi Leyla Ağayeva “Rubiskolin molekullarının və onların analoqlarının fəza quruluşları” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Rubiskolin molekulunun fəza quruluşu nəzəri konformasiya analizi metodu ilə tədqiq olunmuş, onun aşağıenerjili konformasiya yığımı təyin edilmişdir. Təbii rubiskolin molekulunun aşağıenerjili konformasiyaları əsasında onun sintetik analoqlarının konformasiya imkanları öyrənilmişdir. Birinci mərhələdə təbii molekulun üçüncü yerdə yerləşən Leu3 aminturşu qalığı [Ile3], [Met3], [Phe3] aminturşuları ilə əvəz edilən analoqlarının fəza quruluşu öyrənilmişdir. İkinci mərhələdə təbii molekulun üçüncü və beşinci yerdə yerləşən aminturşu qalıqlarını [Met3], [Val5]; [Met3], [Met5] və [Met3], [Phe5] aminturşuları ilə əvəz etdikdə alınan analoqlarının fəza quruluşları öyrənilmişdir. Hesablamalar nəticəsində təbii molekulun müəyyən funksiyalarını yerinə yetirə biləcək analoqlar müəyyən olunmuşdur. Yuxarıdakı molekulların hesablamaları nəticəsində təbii molekulun [Pro3], [Pro5] [MeAsp4] analoqlarının fəza quruluşları hesablanmış, onların təbii molekulun müəyyən funksiyalarını yerinə yetirə bilən analoqlar olduqları göstərilmiş və sintez üçün təklif edilmişdir.