Fizika fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib
2024-cü il iyun ayının 21-də Bakı Dövlət Universiteti Fizika fakültəsinin “Nəzəri fizika”, “Bərk cisimlər fizikası”, “Astrofizika” kafedralarının və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun birgə genişləndirilmiş seminarı keçirilib. Seminarda həmçinin BDU-nun digər kafedralarının, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin və Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun mütəxəssisləri iştirak ediblər. Seminar Fizika fakültəsi “Nəzəri fizika” kafedrasının doktorantı Möhsün Rasim oğlu Əlizadənin 2212.01-“Nəzəri fizika” ixtisası üzrə "NICA SPD təcrübə şəraitində birbaşa fotonların alınması prosesinin təsviri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsinə həsr olunub. Seminarı giriş sözü ilə açan “Nəzəri fizika” kafedrasının müdiri Məmməd Rəcəbov bildirib ki, Möhsün Əlizadə dissertasiya işini tamamlayıb və bu iş çərçivəsində 7 elmi məqalə, onlardan 2-si Scopus və Web Of Science Clarivate Analytics indekslənmə bazalarında impakt faktorlu xarici jurnallarda dərc olunub. Bununla yanaşı, konfrans toplularında 5 tezis, yerli və xarici konfrans materiallarında 2 məqalə Scopus və Web Of Science Clarivate Analytics indekslənmə bazalarında impakt faktorlu xarici jurnallarda nəşr edilib. Sonra Möhsün Əlizadə dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu və əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Çıxışdan sonra məruzəçiyə suallar verildi və o, həmin sualları cavablandırdı.
Seminarda çıxış edənlər dissertasiya üzrə tədqiqatların yeniliyi və tam əsaslandırılmış olması barədə müsbət rəylər bildirdilər və işin müdafiəyə təqdim olunması tövsiyə edildi.