Fizika fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib

30 iyun 2026-cı il tarixində BDU-nun Fizika fakültəsinin Bərk cisimlər fizikası və Yarımkeçiricilər fizikası kafedralarının, həmçinin BDU-nun Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin birgə təşkilatçılığı ilə Bərk cisimlər fizikası kafedrasının sabiq doktorantı Səbinə İbrahim qızı Zeynalovanın 2211.01 – “Bərk cisimlər fizikası” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Spin-orbital qarşılıqlı təsirli yarımkeçirici əsaslı kvant quruluşlarında Raman səpilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
İclasın sədri Yarımkeçiricilər fizikası kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Salmanov iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Daha sonra Səbinə Zeynalova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları və əldə olunmuş əsas elmi nəticələr barədə məruzə ilə çıxış etdi. Rəsmi rəyçilər – fizika-riyaziyyat elmləri namizədi, dosent Vahid Əmir oğlu Tanrıverdiyev və fizika elmləri doktoru, dosent İzzət Məmməd qızı Əfəndiyeva dissertasiya işinin mövzusunun aktuallığını, aparılmış tədqiqatların elmi-praktik əhəmiyyətini və alınmış nəticələrin elmi əsaslandırılmasını yüksək qiymətləndirərək müsbət rəylərini bildirdilər, eyni zamanda müəyyən irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Bundan sonra açıq səsvermə keçirildi və iclas iştirakçıları Səbinə Zeynalovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərara alındı ki, Zeynalova Səbinə İbrahim qızının təqdim etdiyi “Spin-orbital qarşılıqlı təsirli yarımkeçirici əsaslı kvant quruluşlarında Raman səpilməsi” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fizika üzrə fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2211.01 – “Bərk cisimlər fizikası” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.