Fizika fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib
30 sentyabr 2024-cü ildə BDU-nun Fizika fakültəsinin Nəzəri fizika, Bərk cisimlər fizikası və Astrofizika kafedralarının birgə elmi seminarında "Nəzəri fizika" kafedrasının dissertantı Tağıyeva Şahnaz İlqar qızının 2212.01 Nəzəri fizika ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Mühitdə və vakuumda mezon və nuklonların qarşılıqlı təsirinin AdS/KXD modellərində öyrənilməsi" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Nəzəri fizika kafedrasının müdiri dosent Məmməd Rəcəbov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Sonra Şahnaz Tağıyeva dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Rəyçilər, f.r.e.n. dos. Bəhram Mehdiyev və f.r.e.n. Nizami Kərimli dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Şahnaz Tağıyevanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün növbəti mərhələyə keçməyə layiq olduğuna dair yekdilliklə səs verdilər.