Fizika fakültəsində dissertasiya işinin müdafiəsi keçirilib
15 aprel 2025-ci ildə BDU-nun Fizika fakültəsinin "Nəzəri fizika" kafedrasının sabiq dissertantı Tağıyeva Şahnaz İlqar qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2212.01 – Nəzəri fizika ixtisası üzrə "Mühitdə və vakuumda mezon və nuklonların qarşılıqlı təsirinin AdS/KXD modellərində öyrənilməsi" mövzusunda fəsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədr müavini AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə iclası açıq elan edərək 21 nəfər Şura üzvündən 18 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Şahnaz Tağıyeva dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Şahnaz Tağıyeva bildirdi ki, dissertasiya işində sərt və yumşaq divar modellərində, sıfır və sonlu temperatur hallarında mezon və barionlar arasında qarşılıqlı təsir sabitlərininin riyazi ifadələri alınaraq ədədi qiymətləri hesablanmışdır, eləcə də, nuklon-həyəcanlaşmış nuklon keçidləri üçün elektromaqnit formfaktorlarının ötürülən impulsun kvadratından asılılığı aşkar edilmişdir. Bunun əsasında spiral amplitudların, elektrik və maqnit formfatorların ötürülən impulsun kvadratından asılılıqları öyrənilmişdir və nuklonun həyəcanlaşmış hallarının elektromaqnit xassələri tədqiq edilmişdir. Əldə edilən nəticələr məlum MAİD parametrləşdirmə, CLAS, PDG məlumatları, Jlab/Hall C təcrübi faktlarla və digər modellərdən alınmış nəticələrlə müqayisə edilmişdir.
Rəsmi opponentlər AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Əbil oğlu Səmədov, Sumqayıt Dövlət Universitetinin “Fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Gülnarə Hüseyn qızı Quliyeva, AR ETN Fizika İnstitunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ruslan Ağarza oğlu Nuriyev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri professor Sərhəddin Abdullayev, professor Bəxtiyar Paşayev və Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov, dissertasiya işinin elmi rəhbərləri fizika-riyaziyyat elmləri namizədi, dosent Şahin Əlisəttar oğlu Məmmədov, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Məmməd oğlu Əliyev iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Şahnaz Tağıyevanın fizika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Şahnaz İlqar qızı Tağıyevaya 2212.01 – “Nəzəri fizika” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!