Fizika fakültəsində dissertasiya işinin müzakirəsi keçirilib
24 yanvar 2025-ci ildə BDU-nun “Nəzəri fizika” kafedrasının müəllimi Əlizadə Möhsün Rasim oğlunun 2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “NICA SPD təcrübə şəraitində birbaşa fotonların alınması prosesinin təsviri” mövzusunda dissertasiya işinin BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında müzakirəsi keçirilib.
Dissertasiya Şurasının Elmi Seminarının sədri professor Sərhəddin Abdullayev iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 8 nəfərin iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi.
Əlizadə Möhsün dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında seminar iştirakçılarına məruzə etdi.
Rəyçilər, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş elmi işçisi, professor, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyev və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Nərminə Əliyeva dissertasiya işi haqqında müsbət rəylərini bildirdilər və dissertasiya işinin mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verdiyini qeyd etdilər. İddiaçı rəyçilərin iradlarına münasibətini bildirdi və seminar iştirakçılarının suallarını cavablandırdı.
Açıq səsvermə nəticəsində seminar üzvləri Əlizadə Möhsünün fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna və dissertasiya işinin ED 2.19 Dissertasiya Şurasında müdafiəyə təqdim edilməsinə dair yekdilliklə səs verdilər.