Fizika fakültəsində dissertasiya müdafiəsi keçirilib

24 oktyabr 2025-ci il tarixində BDU-nun Fizika fakültəsinin "Ümumi fizika və fizikanın tədrisi metodikası" kafedrasının sabiq dissertantı, ADPU-nun fizika fakültəsinin dekanı Daşdəmirov Arzu Oruc oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2211.01 – “Bərk cisim fizikası ixtisası üzrə "Optik aktiv halkogenidlərdə termik və optik xassələrin formalaşmasına kation-kation əvəzləmələrinin təsiri” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov iclası açıq elan edərək 21 nəfər Şura üzvündən 17 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi.
Arzu Daşdəmirov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. O, bildirdi ki, dissertasiya işində optik aktiv halkogenidlərdə termik və optik xassələr tədqiq edilmişdir. Cu2Se və GeS halkogenid yarımkeçiriciləri əsasında alınmış yeni birləşmələrdə kation-kation əvəzləmələri ilə yeni funksional tərkiblər alınmış, bu tərkiblərdə metal atomlarının ion radiuslarındakı fərq hesabına yaranan effektlər, optik və termik xassələr öyrənilmiş, həmçinin istilik enerjisi hesabına bu sistemlərdə müşahidə edilən proseslərin yaranma mexanizmi müəyyənləşdirilmişdir. Dissertasiya işində nadir torpaq elementlərinin müxtəlif konsentrasiyalarında Cu2-xTmxSe və Ge1-xLnxS (Ln = Nd, Sm, Gd) sistemləri sintez edilmiş, alınmış sistemlərin quruluşu, optik və termik xassələri tədqiq edilmişdir. Tədqiqatlar müasir metodlarla yerinə yetirilmiş, alınmış məlumatlar müasir proqram təminatları ilə yüksək dəqiqliklə analiz edilmişdir.
Rəsmi opponentlər, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru, fizika üzrə elmlər doktoru Əli Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, “Mühəndislik və təbiqi elmlər” kafedrasının professoru, fizika üzrə elmlər doktoru Rövnəq Rzayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fizika” kafedrasının müdiri, fizika üzrə elmlər doktoru, professor Musavər Musayev, Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri, fizika üzrə elmlər doktoru, professor Məntiq Cəfərov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra professor Cahangir Hüseynov, f.e.d. Eldar Ələkbərov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Arzu Daşdəmirovun fizika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Arzu Oruc oğlu Daşdəmiorv 2211.01 – “Bərk cisim fizikası” ixtisasında fizika üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!