Fizika fakültəsində dissertasiya müdafiəsi keçirilib
29 aprel 2025-ci il tarixdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında Fizika fakültəsinin Nəzəri fizika kafedrasının doktorantı Möhsün Rasim oğlu Əlizadənin 2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “NICA SPD təcrübə şəraitində birbaşa fotonların alınması prosesinin təsviri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.
Dissertasiya Şurasının sədri fizika elmləri doktoru, dosent Hüseyn Məmmədov içlası açaraq lazımı sayda şura üzvünün iştitak etdiyinin qeyd etdi və dünyasını dəyişmiş şura üzvlərinin – doktorantın elmi rəhbəri dosent Azər Əhmədovun və professor Sofa xanım Fiqarovanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Dissertasiya Şurasının elmi katibi fizika üzrə fəlsəfə doktoru Şəhla Hacıyeva iclas iştirakçılarını iddiaçının dissertasiya şurasına təqdim etdiyi sənədlərlə tanış etdi.
Möhsün Əlizadə dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. İddiaçı NICA enerjiərində birbaşa fotonların alınmasının tədqiqinin bir çox üstünlükləri olduğunu qeyd etdi. O, bildirdi ki, birbaşa fotonların NICA enerjiərində tədqiqi kvark-qlüon plazmasının adronlaşmaya faza keçid temperaturunu və nuklonlardakı partonların paylanması haqqında mühüm məlumat daşıyır. İddiaçı birbaşa fotonların Kompton kvark-qlüon, kvark-antikvark cütlüyünün annihilyasiyası və tormozlanma şualanması altproseslərinin diferensial kəsiyinin həyəcanlanmanın aparıcı və növbəti aparıcı tərtibində hesablanması, Kompton kvark-qlüon, kvark-antikvark cütlüyünün annihilyasiyası altproseslərinə radiasiya düzəlişlərinin əlavəsinin vacibliyi və birbaşa fotonların proton-antiproton toqquşmasında alınmasınnı xüsusiyyətləri haqqında geniş məlumat verdi.
Rəsmi opponentlər – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, fizika elmləri doktoru, professor Mirteymur Mirabutalıbov, BDU-nun professoru fizika-riyaziyyat elmləri doktoru Mais Süleymanov və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun dosenti, fizika-riyaziyyat elmləri namizədi Bəhram Mehdiyev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların elmi və praktik əhəmiyyəti, alınmış nəticələrin əsaslılılığı haqqında müsbət rəylərini bildirdilər, eyni zamanda bəzi irad və təkliflərini səsləndirdilər.
İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı.
Dissertasiya işinin elmi rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Andrey Arbuzov (Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Dubna şəhəri, Rusiya) iddiaçı haqqında öz rəyini onlayn şəkildə bildirdi.
Sonra Şura üzvləri professor Sərhəddin Abdullayev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Nəzəri fizika kafedrasının müdiri, dosent Məmməd Rəcəbov, fizika fakültəsinin dekanı dosent Bəxtiyar Paşayev və digər iclas iştirakçıları çıxış edərək iddiaçı haqqında və dissertasiya işi barəsində öz müsbət fikirlərini bidirdilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi. Səsvermənin nəticələrinə görə şura üzvləri yekdilliklə Möhsün Əlizadənin fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğu və ona 2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar verdilər.