Fizika fakültəsində elmi seminar keçirilib.
03 oktyabr 2024-cü il tarixində Fizika fakültəsi “Nanomaterialların kimyəvi fizikası” kafedrası ilə BDU Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının birgə növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın müəllimi Həbibə Şirinova “maqnit xassəli 1D nanoquruluşların alınması və tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə superparamaqnit təbiətli Fe3O4 nanohissəciklərin xarici maqnit sahəsi vasitəsi ilə polimer matrisdə düzülərək diametri 70-80 nm, uzunluğu isə bir neçə mikron olan zəncirvari quruluşlar formalaşdırması və bu prosesə təsir edən amillərin müəyyən olunmasına həsr olunub.
Həbibə Şirinova qeyd edib ki, bir ölçülü nanoobyektlərə kvant naqillərini, nanoborular, nanoiplər kimi quruluşları aid etmək mümkündür. Sadalanan nanoquruluşlarla yanaşı maqnit xassəli nanohissəciklərin xarici maqnit sahəsinin təsiri ilə istiqamətlənməsi nəticəsində zəncir şəklində düzülməsi hesabına alınmış 1D nanoobyektlər də xüsusi maraq doğurur. Çox kiçik ölçülərdə superparamaqnit xüsusiyyətə malik Fe3O4 nanohissəciklərinin xarici maqnit sahəsinin təsiri ilə polimer matrisdə nizamlı şəkildə yığılması əsasında alınmış materiallar maqnit anizatropiyası hesabına maqnit əsaslı yaddaş elementlərində, müxtəlif funksiyalı sensorların hazırlanmasında uğurla tədbiq olunma potensialına malikdir.
Həbibə Şirinovanın təqdim etdiyi araşdırma nəticələri seminar iştirakçıları arasında maraq doğurub və geniş müzakirəyə səbəb olub.