Fizika fakültəsində elmi seminar keçirilib
6 mart 2025-ci il tarixində Fizika fakültəsinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının “Fizikanın tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistrantlarının elmi seminarı keçirilib.
Seminarda “Fizikanın tədrisi metodikası və metodologiyası” ixtisaslaşmasının magistrantı Əminə Bağırova “Orta ümumtəhsil məktəblərində fizikanın dərindən mənimsənilməsində praktik dərslərin rolu” mövzusunda çıxış edib. O, bildirib ki, müzakirədə əsas məqsəd kurikulum təhsil proqramının tələblərinə uyğun olaraq məktəb fizika fənninin şagirdlər tərəfindən dərindən mənimsənilmə yollarını araşdırmaq, həmçinin fizikadan praktik dərslərin – məsələ həlli və laboratoriya işlərinin tədris materiallarının mənimsənilməsindəki rolunu müəyyənləşdirməkdir. Daha sonra magistrant Mələk Əməşzadə “Orta ümumtəhsil məktəblərində fizika kursunun öyrənilməsində mövcud imkanlar və onlarin genişləndirilməsi problemlərinin həlli yolları” mövzusunda məruzəsini təqdim edib. O çıxışında bildirib ki, tədqiqat işində göstərilən elmi-praktiki məlumatlar, sözügedən mövzu ətrafında çox sayda elmi ədəbiyyata və elmi nəzəriyyələrə əsaslanır. Bu mövzunun tədqiq olunmasından hasil olunan nəticələr, fizika kursunun öyrənilməsində mövcud imkanlar və onlarin genişləndirilməsi problemlərinin həlli yollari mövzusunu öyrənmək baxımından səmərəli elmi mənbə hesab oluna bilər. Sözügedən mövzuda mövcud elmi məlumatlar sistemləşdirilib və son dövrlərin elmi ədəbiyyatı əsasında yeni elmi faktlar və məlumatlar əlavə edilib.
Sonda rus bölməsi üzrə təhsil alan magistrant Nurlanə Hüseynli “Некоторые особенности решение экспериментальных задач в среднем школьном курсе физики” mövzusunda çıxış edib. O, çıxışında orta məktəb fizika kursunda eksperimental məsələ həllinin bəzi xüsusiyyətlərindən danışıb. Tədris praktikasında fiziki problem adətən kiçik bir problem adlanır və ümumiyyətlə, məntiqi nəticələrdən, riyazi əməliyyatlardan və fizikanın qanunlarına və metodlarına əsaslanan təcrübədən istifadə etməklə həll edilir. Təlim prosesində vəzifələrin funksiyalarını, rolunu və yerini, tədris materialının mənimsənilmə səviyyəsini, şagirdlərin idrak qabiliyyətlərinin və yaradıcılıq qabiliyyətlərinin inkişafını müəyyən etmək üçün fizika problemləri müxtəlif meyarlara görə təsnif edilir.
Magistrantların məruzələri ətrafında müzakirələr aparılıb və tədqiqat işləri üzrə tövsiyələr verilib.