Fizika fakültəsində elmi seminar keçirilib

09 aprel 2026-cı il tarixində Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın saathesabı müəllimi, ETN Fizika İnstitutunun əməkdaşı dosent Hüseynova Suma Sakit qızı “Si–C–Li sisteminin litium tərkibli 4H–SiC və ikili fazalarının elektron xassələrinin simulyasiyası” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, apardığı tədqiqatlarda Funksional Sıxlıq Nəzəriyyəsi çərçivəsində təməl prinsiplərdən istifadə etməklə Si–C–Li sisteminin litium tərkibli 4H–SiC və ikili fazalarının elektron xüsusiyyətləri nəzəri olaraq araşdırılıb. Sistemin ikili və bəzi üçlü ərintilərinin faza tarazlığı, termodinamik xassələri və quruluşu böyük maraq kəsb edir. Litium tərkibli 4H-SiC politipinin termodinamik, adsorbsiya və diffuziya xüsusiyyətləri modelləşdirilərək, altıbucaqlı politipdə litium adatomu 4H-SiC-nin adsorbsiya enerjisi, Li atomunun C atomu ilə əvəzetməsi halında 3C-SiC politipinin maqnit momenti hesablanılıb. Üçlü sistemin ikili birləşmələrinə əsaslanan materiallar son illərdə təkrar doldurulan Li-ion batareyaları üçün elektrod (anod) materialları kimi intensiv şəkildə öyrənilmişdir. 4H-SiC fazasına əsaslanan, elektron keçiricilik tipinə və adsorbsiya xüsusiyyətlərinə malik olan superqəfəslər araşdırılıb. Burada həmçinin göstərilib ki, 4H–SiC-də tarazlıq vəziyyəti Si və C atomları arasında sp³ hibridləşmə nəticəsində yaranan rabitələr və bu prosesdə elektronların C-a doğru yenidən paylanması ilə müəyyən olunur. 3C–SiC-də Li adsorbsiya halında strukturda maqnit halı yaranmır. Maqnit momenti yalnız (defektli) pozulmuş və ya lokal elektron vəziyyətlərində yarana bilir. Hər hansı bir aşqarın kristala daxil edilməsi yaxud başqa bir defektin strukturda ortaya çıxması səbəbindən həmin quruluşda periodiklik pozulur və lokal enerji səviyyələri əmələ gəlir. Bununla da əksər hallarda lokal səviyyələr kristalın əsas energetik boşluğunda yaranır. Hesablamalar ab initio paket proqramları vasitəsilə yerinə yetirilib. Nəticələr təcrübi qiymətlərlə uyğunluq təşkil edir.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.