Fizika fakültəsində elmi seminar keçirilib

16 mart 2026-cı il tarixində Fizika fakültəsinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının “Fizikanın tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistrantlarının elmi seminarı keçirilib. Seminarda II kurs magistrantlar çıxış ediblər.
İrina Saxbatova (Elmi rəhbəri Radifa İsmailova) “Molekulyar fizika” bölməsinin öyrənilməsi zamanı virtual fiziki eksperimentdən istifadə” mövzusunda məruzə edərək molekulyar fizikanın öyrənilməsi zamanı virtual laboratoriyaların və kompüter simulyasiyalarının tətbiqinin nəzəri və metodiki əsaslarının təhlilini verib. O, qeyd edib ki, virtual fiziki eksperimentdən istifadənin tədris prosesinə təsirini müəyyən etmək məqsədilə pedaqoji eksperiment aparılıb. Əldə olunan nəticələr göstərib ki, virtual laboratoriyaların tətbiqi şagirdlərin fizika fənninə marağını artırır, fiziki proseslərin daha dərindən mənimsənilməsinə kömək edir və onların tədqiqat bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Aparılan tədqiqatın nəticələri “Molekulyar fizika” bölməsinin öyrənilməsi zamanı virtual fiziki eksperimentdən istifadənin effektiv və məqsədəuyğun tədris vasitəsi olduğunu təsdiq edir.
Xanım Cəlilova (Elmi rəhbəri Rəhimov Rəhim) “Elmi biliyin vahidliyi haqqında təsəvvürlərin formalaşdırılmasında fəlsəfi və metodoloji prinsiplərin rolu” mövzusunda çıxış edib. O bildirib ki, təqdim olunan dissertasiya işi elmi biliyin vəhdəti anlayışının fəlsəfi və metodoloji baxımdan araşdırılmasına həsr olunub. Tədqiqatda elmi biliyin mahiyyəti, onun formalaşma və inkişaf xüsusiyyətləri təhlil edilib, elmi biliklərin sistemli və qarşılıqlı əlaqəli xarakter daşıdığı əsaslandırılıb. Mövzunun aktuallığı müasir elmdə müxtəlif sahələr arasında inteqrasiyanın və qarşılıqlı əlaqələrin getdikcə güclənməsi ilə əlaqədardır.
Aparılan tədqiqat nəticəsində müəyyən edilib ki, elmi bilik sistemli və vahid xarakter daşıyır. Müxtəlif elmi nəzəriyyələr bir-birini tamamlayaraq təbiətin qanunauyğunluqlarını daha geniş şəkildə izah edir. Bu baxımdan fəlsəfi və metodoloji prinsiplər elmi biliyin inkişafında mühüm rol oynayır və elmi nəzəriyyələrin qarşılıqlı əlaqəsini təmin edir.
Sonda Naibə Bəşirzadə “Müasir dövrdə yaşıl enerjidən istifadənin üstünlükləri və ekoloji problemlərin araşdırılması” (Elmi rəhbəri Cabbar Cabbarov) barədə danışıb. Məruzəçi qeyd edib ki, dissertasiya işində Azərbaycanda yaşıl enerji mənbələrinin inkişaf perspektivləri araşdırılıb. Tədqiqatın əsas məqsədi yaşıl enerji mənbələrinin ölkənin enerji sistemində rolunu təhlil etməkdir. İşdə statistik məlumatların təhlili və müqayisəli analiz metodlarından istifadə edilib. Azərbaycanda yaşıl enerji potensialı yüksəkdir və bu sahənin inkişafı enerji təhlükəsizliyi və ekoloji sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.