Fizika fakültəsində elmi seminar keçirilib
Fizika fakültəsinin Yarımkeçiricilər fizikası, Nanomaterialların kimyəvi fizikası kafedralarının Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyası ilə birgə seminarı keçirilib. Seminarda Yarımkeçiricilər fizikası kafedrasının I kurs doktorantı Zeynəb Addayeva "FaGaİnS4/GO/PVS kompozitlərinin sturuktur analizi" mövzusunda çıxış edib. Məruzəçi PVS/FeGaInS4/GO kompozitlərinin sintez prosesi, rentgen difraktometriyası əsasında struktur analizi, kristallit ölçülərinin və qəfəs gərginliyinin müxtəlif metodlarla hesablanması haqqında geniş əhatəli məruzə təqdim edib. O, polimer zəncirinin struktura təsiri, qəfəs gərginliyinin dəyişməsi və GO konsentrasiyasının bu proseslərdəki rolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, aparılmış tədqiqatlar nəticəsində kompozitə daxil edilən GO, polimer və kristallar arasında yaranan qarşılıqlı təsir nəticəsində qəfəs gərginliyinin azalması baş verir. Bu isə doldurucu-polimer qarşılıqlı təsir ilə birbaşa əlaqələndirilib.
Bundan əlavə, seminar çərçivəsində məruzəçi tərəfindən Yıldız Texniki Universitetində həyata keçirilmiş FE-SEM analizlərinin nəticələri təqdim edilib. Bu analizlər vasitəsilə polimer kompozitlərin morfologiyası və məsaməlilik xüsusiyyətləri, həmçinin GO konsentrasiyası və onun çəki faizinin bu xüsusiyyətlərə təsiri araşdırılıb.
Seminarda kristallik strukturların analizi, mono- və polikristallarda kristallit ölçülərinin təyini metodları və onların tətbiqi ətrafında geniş müzakirələr aparılıb. Zeynəb Addayevanın təqdim etdiyi elmi tədqiqat seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, təqdim olunan nəticələr intensiv elmi diskussiyalarla müşayiət olunub.