Fizika fakültəsində elmi seminar keçirilib
29 mart 2024-cü il tarixində Fizika fakültəsinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının elmi seminarı keçirilib. Seminarda professor Rauf Sərdarlı “A3B3 C6 2 və Ag8Si(Ge)Se6 tipli yarımkeçicilərin superkondensatorlar kimi tətbiq perspektivi” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, müasir energetikanın inkişafı bərpa olunan qeyri-ənənəvi enerji mənbələrinin yaradılmasını tələb edir. Superkondensatorlar adi kondensatorlardan elektrik tutumunun miqdarına görə fərqlənir. Bu miqdar min farad tərtibində olur. İkiqat elektron layına malik olan bu sistemlər mühüm xüsusiyyətli unikal kombinasiyaya malikdirlər. Ənənəvi litium elementi ilə müqayisədə bu sistemlərin üstünlüyü böyük enerji sıxlığının uzun müddət (10 il) saxlanması, zəhərli və təhlükəli komponentlərin olmaması, tutumu dəyişmədən böyük sayda yüklənmə-boşalma dövrünə malik olmasından ibarətdir. Anizatrop superion xalkogenidlər əsasında təcrid edici kontaktlı, ikili elektron qatlı, yüksək tutumlu, ionistorun hazırlanması mümkünlüyünə baxılmışdır. Tədqiqatlarda impedans spektroskopiya metodu ilə əsasən elektrik, dielektrik, polyarizasiya və relaksasiya xassələrinin geniş temperatur intervalında, müxtəlif tezliklərdə öyrənilmişdir. Müəyyən edilib ki, dielektrik əmsalının kəskin şəkildə artmasına səbəb sistemin təcridedici kontaktlı ikili elektron layının olmasıdır.
Sonda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.