Fizika fakültəsində elmi seminar keçirilib
30 yanvar 2025-ci il tarixində Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasının və Fizika fakültəsinin Nanomaterialların Kimyəvi Fizikası kafedrasının birgə seminarında fakültənin doktorantı Məhəmməd Bağır Bağırov “Müxtəlif elementlərlə aşqarlanmış qrafen oksid (GO) əsaslı supertutumlar” mövzusunda çıxış edib.
Məruzəçi supertutumların tətbiq sahələri və bu sahədəki mövcud vəziyyət barədə geniş məlumat təqdim edib, S və P ilə aşqarlanmış qrafen oksid əsaslı elektrodların supertutum qurğularında istifadəsi məsələsinə toxunaraq, aşqarlamanın materialın tutum xassələrinə və dövrülüyünə təsirini izah edib. Bundan əlavə, məruzədə metal oksidlər və polimerlərlə işlənmiş GO əsaslı elektrodların tutum parametrləri barədə məlumatlar təqdim olunub. Xüsusilə, metal və metal oksidlərlə aşqarlanmış GO nümunələrinin səth sahəsinin genişlənməsi və elektrik keçiriciliyinin dəyişməsi nəticəsində supertutumlar üçün daha yüksək effektivlik nümayiş etdirdiyi vurğulanıb. Məruzəçi, keçirici polimerlər və qrafen oksid əsasında hazırlanmış elektrodların xüsusi tutumunun digər elektrodlara nisbətən daha yüksək olduğunu qeyd edib.
Seminarın sonunda dünyada supertutumların istehsalı və istehlakının qitələr üzrə paylanması, eləcə də yaxın on il ərzində bu sahənin inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.