Fizika fakültəsində elmi seminar keçirilib
30 noyabr 2022-ci ildə Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında növbəti Elmi seminar keçirilib. Seminarda kafedranın fəlsəfə doktoru proqramı üzrə doktorantı Sahilə Sultanova “Yarımmaqnit yarımkeçirici əsaslı kvant çuxurunda elektron qazının maqnetizmi və optik udulma” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, son zamanlar dar qadağan zolaqlı Hg1-xCdxTe yarımkeçiricilər və onların əsasında hazırlanan strukturlar tədqiqatçıların diqqət mərkəzindədir. Nanotexnologiyanın sürətli inkişafı sayəsində bu bərk məhlulların yüksək keyfiyyətli kvant çuxurlu HgTe/CdHgTe kimi böyük praktiki əhəmiyyətə malik olan heterostrukturlarının yaradılması mümkün oldu. Bu yarımkeçiricilərin unikal xassələri, o cümlədən, tərkibdən asılı olaraq qadağan zolağının enini dəyişmək mümkünlüyü onların tətbiq imkanlarını artırır. Hazırda onların əsasında müxtəlif diapazonlarda işləyən diodlar, detektorlar, tranzistorlar, lazerlər hazırlanır. Bununla yanaşı, bu kristalların və onların əsasında yaradılan strukturların kinetik, optik və maqnit xassələrinin tədqiqi aktual məsələlərdən biridir. Təqdim olunan məruzədə Hg1-xCdxTe kristallarında və onların əsasında hazırlanan kvant çuxurlu strukturlarda elektron qazının maqnetizmi və elektron qazında işığın udulmasının nəzəri tədqiqinə dair nəticələr təqdim olunub. Qarşıya qoyulan məsələlərin həllində kvant mexanikasının və statistik fizikanın metodlarından istifadə olunmaqla Hg1-xCdxTe kristalında ikizonalı Keyn modeli üçün elektron qazının məlum enerji spektri əsasında böyük termodinamik potensial hesablanıb, daha sonra isə maqnitlənmə üçün maqnit sahəsindən və qadağan olunmuş zolağın enindən asılı analitik ifadə tapılıb. Qadağan olunmuş zolağın konkret qiymətlərində maqnitlənmənin maqnit sahəsindən asılılığı müəyyən edilib və göstərilib ki, maqnit sahəsinin müəyyən qiymətindən sonra maqnitlənmə doyma halına gəlir. Ultrarelyativistik hala baxılıb və göstərilib ki, qadağan olunmuş zolağın çox böyük qiymətlərində maqnitlənmə parabolik nəticəni verir. Bundan başqa, HgCdTe-da Keyn modelində udulma əmsalı üçün düşən işığın tezliyindən və zolağının enindən asılı analitik ifadə alınıb.
Maraqla qarşılanan seminarın sonunda məruzə ətrafında müzakirələr aparıldı. Semiar iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.