Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib
04 fevral 2025-ci il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- “Xalq qəzeti”nin 19 dekabr 2024-cü il tarixli 280 (30684)-ci sayında elan olunmuş müsabiqənin keçirilməsi;
- “Fizika və kosmos elmləri” jurnalının birillik nəşri ilə bağlı;
- Cari məsələlər.
Elmi Şuranın sədri, fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək, əvvəlcə fakültə üçün qürurverici hal olan məlumatı iclas iştirakçılarının diqqətinə çatdıraraq qeyd etdi ki, 2 fevral-Gənclər günü ilə bağlı BDU üzrə keçirilən müsabiqənin nəticələrinə görə Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı “İlin gənc alimi” adına layiq görülüb, həmin kafedranın doktorantı Məhəmməd Bağır Bağırov “təşəkkürnamə” və pul mükafatı ilə mükafatlandırılıb. Bəxtiyar Paşayev hər iki gənci Elmi Şura üzvlərinə təqdim etdi və Elmi Şura adından onları təbrik edərək daha böyük uğurlara imza atacaqlarına inandığını bildirdi. Sonra o, Elmi Şuranın iclasının gündəliyini iştirakçılara təqdim etdi. Elmi Şura üzvləri gündəliyi təsdiq etdikdən sonra Bəxtiyar Paşayev əvvəlcə “Fizika və kosmos elmləri” jurnalında keçən il dərc olunmuş məqalələr barədə məlumat verdi və fakültə əməkdaşlarını jurnalımızın yüksək reytinqli jurnala çevrilməsi üçün daha fəal olmağa, məqalələr təqdim etməyə dəvət etdi. Sonra “Xalq qəzeti”ndə dərc olunmuş elanla bağlı məlumat verərək bildirdi ki, Fizika fakültəsinin “Maddə quruluşu” kafedrasında bir ştat professor, “Nəzəri fizika” kafedrasında bir ştat müəllim və “Bərk cisimlər fizikası kafedrasında yarım ştat müəllim yeriniə müsabiqə elan olunub. Həmin yerlərə müvafiq olaraq Eldar Məsimov, Möhsün Əlizadə və Rağib Dəmirov iddiaçı kimi sənədlərini müsabiqə komissiyasına təqdim ediblər. Professor vəzifəsinə seçkilərin keçirilməsi BDU Elmi Şurasının səlahiyyətlərinə aid olduğu üçün fakültə Elmi Şurası bununla bağlı vəsatət verə bilər. Bu məsələ səsə qoyuldu və Elmi Şura üzvləri Eldar Məsimovun “Maddə quruluşu” kafedrasında bir ştat professor vəzifəsinə təyin olunması üçün BDU Elmi Şurasına vəsatət verilməsinə yekdilliklə səs verdilər.
Möhsün Əlizadənin və Rağib Dəmirovun iddia etdikləri vəzifələrə təyin olunmaları üçün gizli səsvermə keçirildi və səsvermənin nəticələrinə əsasən Möhsün Əlizadənin “Nəzəri fizika” kafedrasında bir ştat müəllim və Rağib Dəmirovun “Bərk cisimlər fizikası” kafedrasında yarım ştat müəllim vəzifəsinə təyin olunması barədə qərar qəbul edildi.
Cari məsələ müzakirə olunub qəara qəbul olunduqdan sonra Elmi Şuranın iclası başa çatdı.