Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib
23 may 2025-ci il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- “Xalq qəzeti”nin 25 fevral 2025-ci il tarixli 42(30736)-ci sayında elan olunmuş müsabiqə üzrə seçkilərin keçirilməsi;
- Cari məsələlər.
Elmi Şuranın sədri, fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edib, “Xalq qəzeti”ndə dərc olunmuş elanla bağlı məlumat verərək bildirdi ki, Fizika fakültəsinin kafedralarında vakant olan yerlərə müsabiqə elan olunub və iddiaçılar sənədlərini müsabiqə komissiyasına təqdim ediblər. Belə ki, “Maddə quruluşu” kafedrasında bir ştat baş müəllim yerinə 4 nəfər, “Nəzəri fizika” kafedrasında bir ştat baş müəllim yerinə 1 nəfər və bir ştat müəllim yerinə 3 nəfər, “Yarımkeçiricilər fizikası” kafedrasında bir ştat baş müəllim yerinə 1 nəfər və bir ştat müəllim yerinə 2 nəfər, “Optika və molekulyar fizika” kafedrasında bir ştat müəllim yerinə 1 nəfər, “Ümumi fizika və FTM” kafedrasında bir ştat baş müəllim yerinə 3 nəfər, “Nanomaterialların kimyəvi fizikası” kafedrasında bir ştat professor yerinə 2 nəfər və bir ştat baş müəllim yerinə 3 nəfər sənəd verib. Gizli səsvermənin keçirilməsi üçün 3 nəfərdən ibarət hesablama komissiyası yaradılıb. Sonra Elmi Şura üzvləri gizli səsvermədə iştirak ediblər. Hesablama komissiyasının yekun protokoluna görə “Maddə quruluşu” kafedrasında Leyla Namiq qızı Ağayeva baş müəllim, “Nəzəri fizika” kafedrasında Vətən Həsənverdi oğlu Bədəlov baş müəllim və Şahnaz İlqar qızı Tağıyeva müəllim, “Yarımkeçiricilər fizikası” kafedrasında Aynurə Çingiz qızı Məmmədova baş müəllim və Turanə Akif qızı Məmmədova “Yarımkeçiricilər fizikası” kafedrasında müəllim, “Optika və molekulyar fizika” kafedrasında Vüsalə Cəlali qızı Məmmədova müəllim, “Ümumi fizika və FTM” kafedrasında Ruslan Ağarza oğlu Nuriyev baş müəllim vəzifələrinə seçiliblər. “Nanomaterialların kimyəvi fizikası” kafedrasında baş müəllim vəzifəsinə seçilmək üçün namizədliklərini vermiş şəxslərdən heç biri kifayət qədər səs toplaya bilmədikləri üçün həmin vəzifəyə seçilən olmayıb. Professor vəzifəsinə seçkilərin keçirilməsi BDU Elmi Şurasının səlahiyyətlərinə aid olduğu üçün fakültə Elmi Şurası bununla bağlı tövsiyə verə bilər. Gizli səsvermə nəticəsində iddiaçıların heç biri tövsiyə verilməsi üçün kifayət qədər səs toplaya bilməyib.
Gizli səsvermənin nəticələri Elmi Şura üzvlərinin açıq səsverməsi ilə təsdiq edilib. Gizli səsvermə nəticəsində vakant vəzifələrə seçilmiş şəxslərin iddia etdikləri vəzifələrə təyin olunmaları üçün BDU rektoruna vəsatət verilməsi barədə qərar qəbul olunub.
Cari məsələlər müzakirə olunduqdan sonra Elmi Şuranın iclası başa çatıb.