Fizika fakültəsində gənc tədqiqatçıların konfransı keçirilib
25 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Fizika fakültəsi və BDU Fizika problemləri ETİ-nin təşkilatçılığı ilə magistranların və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIII respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov konfrans iştirakçılarını təbrik etdi və konfransın işinə uğurlar arzuladı. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev iştirakçıları salamlayaraq Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirildiyini vurğuladı. O, Heydər Əliyevin həyat və fəaliyyətinin hamının öyrənə biləcəyi, xüsusən gənc tədqiqatçıların nümunə götürə biləcəyi bir məktəb olduğunu, Azərbaycanın bütün sahələrdə bu gün əldə etdiyi uğurların əsaslarının məhz Ulu Öndər tərəfindən qoyulduğunu qeyd etdi. Sonra BDU-nun Fizika problemləri ETİ-nin direktoru Sədiyar Rəhimov konfrans barədə məlumat verdi. O, konfransa BDU Fizika fakültəsi və Fizika Problemləri ETİ ilə yanaşı BDU Kimya fakültəsinin, Elm və Təhsil Nazirliyinin Fizika, Radiasiya Problemləri, Biofizika İnstitutlarının, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Müdafiə Sənayesi Nazirliyinin, Milli Aerokosmik Agentliyin, Milli Aviasiya Akademiyasının, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Lənkəran Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin gənc tədqiqatçılarının da qatıldığını, ümumilikdə 112 materialın təqdim edildiyini, plenar iclasda 2 məruzənin dinlənəcəyini, sonra 5 bölmədə konfransın işinin davam edəcəyini bildirdi. Fiziki elektronika kafedrasının müdiri Əhməd Abdinov Ümummilli Lider Heydər Əliyevin keçdiyi böyük həyat yolundan, onun rəhbərliyi altında işləməsindən danışdı, gənc tədqiqatçıların öz tədqiqatlarının nəticələrini təqdim edə bilməsi üçün bu cür konfransların xüsusi əhəmiyyəti olduğunu bildirdi və gənclərə elmi-tədqiqat fəaliyyətində uğurlar arzuladı, dəyərli tövsiyələr verdi.
Sonra plenar məruzələr dinlənildi. Nəzəri kafedrasının doktorantı Möhsün Əlizadə “Рождение прямых фотонов в электродинамическом и смешанном комтоновских рассеяниях”, Nanomaterialların kimyəvi fizikası kafedrasının II kurs magistrantı Məhəmmədbağır Bağırov “Qamma radiasiyanın GO və GO/PVS nanokompozitlərinin fiziki xassələrinə təsiri” mövzusunda tədqiqatlarının nəticələrini təqdim etdilər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı.
Plenar məruzələrdən sonra Fakültə dekanı Bəxtiyar Paşayev məruzəçilərə sertifikatlar təqdim etdi. Konfransların təşkilində və keçirilməsində xüsusi fəaliyyət göstərdiyinə görə Fizika fakültəsi dekanlığnın mütəxəssisi Sara Rəhimzadəyə təşəkkürnamə verildi.
Bundan sonra konfrans 5 bölmədə fəaliyyətini davam etdirdi.
Nəzəri fizika və astrofizika bölməsində 25, Biofizika və molekulyar fizika bölməsində 20, Bərk cisimlər və yarımkeçiricilər fizikası bölməsində 38, Nanoquruluşların fizikası və texnologiyası bölməsində 18, Fiziki elektronika bölməsində 9 məruzə dinlənildi.