Fizika fakültəsində magistrantların elmi seminarı keçirilib
07 aprel 2025-ci il tarixində Fizika fakültəsi Bərk cisimlər fizikası kafedrasının növbəti Elmi seminar keçirilib. Seminarda II kurs magistrantı Vəliyeva Günay Vüqar qızı “Xarici elektrik və maqnit sahələrinin istiqamətindən asılı olaraq ikidərəli yarımkeçiricilərdə cərəyan rəqslərinin tədqiqi” mövzusunda məruzə edib. O, bildirib ki, yarımkeçiricilərin nəzəri tədqiqi xarici elektrik və maqnit sahələrində yerləşmiş yarımkeçiricilərin enerji mənbəyi kimi istifadə oluna bildiyini göstərir. Məsələn, cərəyan generatorlarının yaradılması üçün çoxdərəli yarımkeçiricilərdə enerji şüalanmasından əhəmiyyətli dərəcədə istifadə etmək olar. Magistrant öz tədqiqat işində GaAs tipli ikidərəli yarımkeçiricilərdə elektrik və maqnit sahələrinin istiqamətindən asılı olaraq yaranan cərəyan rəqslərinin nəzəri cəhətdən hərtərəfli nəzəri tədqiq olunduğunu nəzərə çatdırıb. Belə ki, cərəyan rəqslərinin tezliyi və inkrementi üçün analitik ifadələr tapılıb. Müəyyən edilib ki, elektronların aşağı enerji minimumundan yuxarı enerji minimumuna keçid müddəti onların əks istiqamətdəki keçid müddətindən kifayət qədər azdır. Hesablama zamanı GaAs tipli ikidərəli yarımkeçiricilər üçün aparılmış Qann təcrübəsində alınmış ədədi məlumatlardan istifadə edilib və alınmış nəzəri nəticələrın Qann eksperimental məlumatları ilə yaxşı uyğunlaşdığı göstərilib.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılaraq, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.