Metamaterialların xassələri müzakirə olunub
Bakı Dövlət Universitetinin Fizika fakültəsində 12 oktyabr 2022-ci ildə növbəti Elmi seminar keçirilib. Seminarda Bərk cisimlər fizikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Şahmərdan Əmirov “Kvadratik və kubik qeyri-xətti metamateriallarda tezlik çevrilmələri” mövzusunda məruzə edib.
Çıxışı zamanı məruzəçi qeyd edib ki, müasir dövrdə elmin əsas istiqamətlərindən biri təbii materiallarda müşahidə olunmamış qeyri-adi xassələrə malik süni materialların - metamaterialların hazırlanması və onlardan istifadə etməkdir. Metamateriallar süni konstruksiya edilmiş müxtəlif xasssələrə malik mikro- və nanoölçülü təbəqələrdən, həcmi elementlərdən ibarətdir. Bu materiallar optik cihazlarda, tibbi qurğularda, rabitə xəttlərində və s. oblastlarda geniş tətbiq olunur. Metamateriallar düşən elektromaqnit sahəsinin müəyyən tezliyində mənfi dielektrik və maqnit nüfuzluğuna malik olurlar. Metamaterialların əsas xüsusiyyətlərindən biri onların böyük itkilərə malik olmalarıdır. Bu xassə özünü rezonans tezliyinə yaxın tezliklərdə daha aydın biruzə verir. Rezonans tezliklərdə dielektrik nüfuzluğunun xəyali hissəsi ilə təyin ounan itkilər artır ki, bu da düşən elektromaqnit dalğasının enerjisinin itkisinə səbəb olur. Bundan əlavə, metamaterialları əmələ gətirən elementlər (sim və kəsikli halqalar) işıq enerjisini udaraq istilik şəklində səpirlər. Tədqiqatın da məqsədi məhz həmin itkiləri kompensasiya etməklə tezlik çevrilməsinin yüksək effektivliyinə nail olmaqdır. Bu işdə konkret olaraq kvadratik və kubik qeyri-xəttiliyə malik metamateriallarda tezlik çevrilmələri nəzəri tədqiq olunub. Ultraqısa impulsların qeyri-stasionar çevrilməsinə və dörd dalğalı qarşılıqlı təsirə baxılıb. Müəyyən edilib ki, metamaterialda digər dalğalara nəzərən əks istiqamətdə yayılan siqnal dalğasının güclənməsində əsas rolu metamaterialın tam uzunluğu, həmçinin hər üç dalğanın intensivlikləri oynayır. Təyin olunub ki, dalğaların metamaterialdan əks olunma əmsalı metamaterialın qalınlığının və düz istiqamətdə yayılan hər üç dalğanın intensivliklərinin funksiyasıdır. Göstərilib ki, alınmış nəticələr qeyri-xətti metamateriallar əsasında tezlik çeviricilərinin hazırlanmasında istifadə oluna bilər.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və semiar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.