Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib

23 oktyabr 2025-ci il tarixində Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın baş müəllimi Rafiq Bağırov “Biometalların melaninlərlə kompleks birləşmə əmələ gətirməsi” mövzusunda danışıb. Məruzəçi qeyd edib ki, melaninlər təbiətdə geniş yayılmış qara, bir sıra hallarda tünd qəhvəyi rəngli, amorf xassəli piqmentlərdir. Son zamanlar onların biometallarla (Fe, Cu, Zn, Co, Mn və s.) kompleks birləşmə əmələ gətirməsi və alınmış birləşmələrin bir sıra struktur xüsusiyyətlərinin araşdırılması geniş tədqiqatçı kütlələrinin artan maraq dairəsindədir. Məruzədə sintetik L - DOFA- melanin, canlılardan, bitkilərdən və göbələklərdən ayrılmış natural melanin piqmentlərinin dəmir və mis ionları ilə kompleks birləşmə əmələ gətirməsinə dair aparılmış elmi tədqiqat işlərinin nəticələri təqdim olunub.