Fizika fakültəsində “Müstəqilliyin bərpası günü” qeyd olunub
17 oktyabr 2024-cü il tarixində Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin bərpası günü” ilə bağlı “Müstəqilliyimiz Gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının himni səsləndirilib, vətən uğrunda canından keçənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı Aynur Şirəliyeva sözü Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayevə verib. Bəxtiyar Paşayev 18 oktyabr gününün tarixi barədə məlumat verib. O, 20-ci əsrin əvvəlində,1918-ci ildə qurulmuş şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, cəmi 23 ay mövcud olmuş həmin respublikamızda qısa müddət ərzində görülmüş işlər, o cümlədən, Bakı Dövlət Universitetinin yaradılması kimi möhtəşəm işlər barədə məlumat verib. Bəxtiyar Paşayev qeyd edib ki, keçmiş SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikasının müstəqilliyi ilə bağlı 1991-ci ilin 18 oktyabrında Azərbaycan Ali Soveti tərəfindən Konstitusiya aktı qəbul edilib. Qürurla qeyd edə bilərik ki, həmin Konstitusiya aktının qəbul olunmasına səs verənlər arasında Ali Sovetin deputatı olmuş Fizika fakültəsi Maddə quruluşu kafedrasının professoru Eldar Məsimov da olub. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 15 oktyabr 2021-ci il tarixində 18 oktyabrın Müstəqilliyin Bərpası günü kimi qeyd olunması qərara alınıb və bu qərar Respublika Prezidenti tərəfindən təsdiq olunub. Daha sonra Bəxtiyar Paşayev bildirib ki, 1991-ci ildə təkrar müstəqillik əldə etmiş ölkəmiz Ermənistan və onun havadarları tərəfindən təcavüzə məruz qalıb və nəticədə torpaqlarımızın bir hissəsi işğal olunub. 30 il ərzində biz öz bayramlarımızı sevinclə qeyd edə bilməmişik. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük ikinci Qarabağ savaşı və 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatı torpaqlarımızın tamamilə azad olunmasına və suverenliyimizin bərpasına gətirdi. Artıq biz öz bayramlarımızı qalib xalq kimi böyük qürurla qeyd edirik. Bəxtiyar Paşayev Ümummilli Lider Heydər Əliyevin “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir” sözlərini xatırladaraq ölkəmizin gələcək inkişafında, güclənməsində xüsusən gənc nəslin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Sonra Fizika fakultəsi II kurs tələbəsi Fərqanə Əliyeva “Müstəqilliyin bərpası günü” ilə bağlı slaydı nümayiş etdirib. Daha sonra Cövhər Musayeva tədbirlə bağlı şeir səsləndirib. Fizika fakultəsi sosial iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov tələbələrə tövsiyələrini çatdırıb. Tədbirin videoçarxın nümayişi ilə başa çatıb.