Fizika fakültəsində növbəti elmi seminar
Bakı Dövlət Universiteti Fizika fakültəsində növbəti elmi seminar.
06/04/2021.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda onlayn elmi seminar keçirilib. Seminarda Fizika fakültəsinin professor-müəllim heyəti( 7 nəfər elmlər doktoru da daxil olmaqla), doktorantlar, magistratura və bakalavr səviyyələrinin tələbələri iştirak ediblər. BDU-nin Bərk cisimlər fizikası kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı, AzMİU- nun Fizika kafedrasının dosenti Hüseynağa Hüseynov "Aşağıölçülü elektron sistemlərindən anizotrop kinetik hadisələr"mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə qeyd olunmuşdur ki, son illərdə müasir elektronikanın sürətli inkişafı nazik təbəqələr, təbii və süni ifratqəfəslər, kvant məftilləri, kvant çuxurları kimi aşağıölçülü elektron sistemlərində aşkar olunmuş yeni fiziki hadisələrin tədqiqi üçün zərurət yaradır. Bir çox müasir cihazların iş prinsipində aşağıölçülü sistemlərdə rezistiv, qalvano- və termomaqnit hadisələrdən istifadə olunur.Ona görə də müasir dövrdə aşağıölçülü sistemlər fizikasında kinetik hadisələrin nəzəriyyəsinin inkişafı aktualdır və vacib məsələ hesab olunur.
Seminarda elmi tədqiqat işinin BDU- nun Bərk cisimlər fizikası kafedrasında "Aşağıölçülü elektron sistemlərinin kinetik, optik və maqnit xassələri" mövzusunda aparılan geniş elmi tədqiqat işlərinin tərkibində yerinə yetirildiyi vurğulanır. Mövzu ilə bağlı otuza yaxın elmi məqalənin, o cümlədən bunlardan səkkizinin Web of Science və Skopus bazalarına daxil olan jurnallarda olmaqla və çox sayda tezisin həm xarici, həm də Respublikasının daxili konfrans materiallarında çap olunduğu xüsusi qeyd olunur.