Fizika fakültəsində növbəti elmi seminar keçirilmişdir
BDU-nun Fizika fakültəsində “Microsoft Teams” platforması üzərindən növbəti elmi seminar keçirilmişdir. Fizika fakültəsinin dekan müavini Vüsal Məmmədov elmi seminarı açıq elan edərək sözü Nəzəri fizika kafedrasının doktorantı Bəkirova Arzu Mehman qızına verdi. Arzu Bəkirova “Nüvənin Kulon sahəsinin ekranlaşmasının kristalda polyarizələnmiş tormozlanma şüalanması və cütün fotodoğulması proseslərinə təsiri” adlı məruzə ilə çıxış etdi. Məruzəçi son zamanlar dünyanın müxtəlif elmi mərkəzlərində yüksək enerjilərdə kristallarda tormozlanma şüalanması və cütün fotodoğulması prosesinin intensiv şəkildə tədqiq olunduğunu, bu proseslərin yüksək enerjili polyarizələnmiş elektron, pozitron və foton dəstələrinin əsas mənbəyi olduğunu və mühitin strukturu və elektromaqnit xassələrinin öyrənilməsi üçün gözəl vasitə təşkil etdiyini diqqətə çatdıraraq, mövzu üzrə apardığı tədqiqatların nəticələri barədə məlumat verdi. Seminarda fakültənin müxtəlif kafedralarını təmsil edən əməkdaşlar məruzə ilə bağlı geniş diskussiya apardılar. Məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırdı. Prof. S.Abdullayev, dos. F.Paşayev, dos. M.Qocayev, f.r.e.n. Z.Əliyeva elmi seminarın mövzusunun maraqlı, doktorantın isə elmi işinin yüksək səviyyədə olduğunu vurğuladılar.