Fizika fakültəsində Novruz tədbiri keçirilib
16 mart 2023-cü il tarixində Fizika fakültəsində Novruz bayramı münasibətilə “Heydər Əliyev və milli adət-ənənələrimiz” adlı tədbir keçirilib. Fakültə Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbiri fakültə dekanı Bəxtiyar Paşayev açaraq, tədbirin “Heydər Əliyev ili”nə həsr olunduğunu qeyd edib, Novruz bayramı, onunla bağlı xalqımızın adət-ənənələri, bu bayramın xalqımızın tarixi ilə sıx bağlı olması barədə danışıb. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov “Heydər Əliyev və milli adət-ənənələrimiz” mövzusunda məruzə edib. O, Novruz bayramının Ulu Öndərin sevimli bayramı olması, onun həm Novruz bayramına, həm də digər milli adət-ənənələrimizə göstərdiyi diqqət, xalqımızın tarixi ilə bağlı olan bu adətlərin yaşadılmasında gənclərin rolu barədə fikirləri haqda ətraflı məlumat verib. Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov Novruzun astronomiya elmi baxımından dəyərləndirilməsini verib, bu günlərdə Günəş sistemində hansı hadisələrin baş verməsi haqda danışıb. Fakültə THİK sədri Lamiyə Həmidova dekan Bəxtiyar Paşayevin Novruza həsr olunmuş şerini oxuyub. Sonra fakültə tələbələri Lalə Məmmədova və Tərlan Əlizadə Novruz bayramı, axırıncı çərşənbələr barədə təqdimatla çıxış ediblər. Sonda Heydər Əliyevin Novruz şənliklərində iştirakı, insanlarla bərabər Novruzu qeyd etməsi, bir gün bu bayramın azad Qarabağda keçiriləcəyinə inandığı barədə çıxışının səsləndirildiyi, eləcə də Böyük Zəfərdən sonra 2021-ci ilin mart ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə Şuşada – Cıdır Düzündə keçirilən Novruz şənliklərindən səhnələrin təqdim olunduğu videoçarx nümayiş olunub.