Fizika fakültəsində Novruz tədbiri keçirilib
18 mart 2025-ci il tarixində Fizika fakültəsində Novruz bayramı münasibətilə “Milli adət-ənənələrimiz mənəvi dəyərlərimizdir” adlı tədbir keçirilib. Fakültə tələbələrinin təşkilatçılığı ilə keçirilən tədbiri fakültə dekanı Bəxtiyar Paşayev açaraq, Novruz bayramı, onunla bağlı xalqımızın adət-ənənələri, bu bayramın xalqımızın tarixi ilə sıx bağlı olması barədə danışıb. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov “Milli adət-ənənələrimiz” mövzusunda çıxış edib. O, Novruz bayramının Ulu Öndərin sevimli bayramı olması, onun həm Novruz bayramına, həm də digər milli adət-ənənələrimizə göstərdiyi diqqət, xalqımızın tarixi ilə bağlı olan bu adətlərin yaşadılmasında gənclərin rolu barədə fikirləri haqda ətraflı məlumat verib. Astrofizika kafedrasının dosenti Bayram Rüstəmov Novruzun astronomiya elmi baxımından dəyərləndirilməsini verib, bu günlərdə Günəş sistemində hansı hadisələrin baş verməsi haqda danışıb. Fakültə tələbələri Nilufər Şəkərəliyeva və Gülər Xəlilova Şəhriyarın “Heydər babaya salam” şerindən Novruz bayramına aid olan bəndləri səsləndiriblər, Əsma Cəbiyeva Novruz bayramına, baharın gəlişinə həsr olunmuş şer söyləyib. Sonra videoçarx nümayiş olunub.