Fizika fakültəsində orta məktəb fizika kursunun tədrisində STEAM təhsil metodunun tətbiqi barədə danışılıb.
21 dekabr 2023-cü il tarixində Fizika fakültəsinin Ümumi fizika və Fizikanın tədrisi metodikası kafedrasının elmi seminarında kafedranın müəllimi Radifa İsmailova “Orta məktəb fizika kursunun tədrisində STEAM təhsil metodunun tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
R.İsmailova bildirib ki, STEAM - Elm (Science), Texnologiya (Thecnology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Mathematics) birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır, texniki və təbiət fənlərinin tədrisində orta məktəbin ənənəvi nəzəriyyəyə əsasən əzbərlətmə üsullarından fərqli olaraq, elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasının “layihə əsaslı öyrətmə” metodudur. Bu metodun əsas məqsədi - şagirdlərin öyrənmək və bilik qazanmaqla yanaşı, bildiklərini real həyat nümunələrinə tətbiq etməyi, öyrəndiklərini bacarıqlara çevirməyi və yaradıcı düşünməyi gerçəkləşdirməkdir.
Azəraycanda “STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə start götürüb.
STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıqetmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. Bu bacarıqlar 4C bacarıqları da adlandırılan və ingilis dilində C hərfi ilə başlayan 4 qabiliyətdir – yaradıcılıq (Creativity), əməkdaşlıq (Collaboration), Tənqidi düşünmə (Critical thinking), əlaqə (Communication).
STEAM əsaslı dərslərdə yeni texnologiyalardan və innovasiyalardan istifadə olunur, şagirdlərdə maraq yaratmaq, diqqətlərini dərsə yönləndirmək, praktik qabiliyyətlər aşılamaq və vizuallığı artırmaq məqsədilə müxtəlif veb-saytlar, tətbiqlər, oyun programları, cihazlar, qurğular və s. texnologiyalar dərs prosesinə inteqrasiya edilir.
Seminarda mövzu üzrə müzakirələr aparılıb və məruzəçi sualları cavablandırıb.