Fizika fakültəsində tədbir keçirilib
17 oktyabr 2023-cü il tarixində Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttafaqı Komitəsinin birgə təşkilatçılığı ilə Fizuli şəhərinin işğaldan azad olunmasının 3 illiyinə və 18 Oktyabr - Müstəqilliyin bərpası gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov çıxış edərək bu günkü tədbirin əlamətdar dövrə - Azərbaycanın yeni tarixinin yazıldığı dövrə təsadüf etdiyini qeyd edib. O, bildirib ki, tədbir Fizulinin işğaldan azad olunma gününə həsr olunsa da, əslində biz bu günlərdə Azərbaycanın bütün ərazisində suverenliyimizin rəsmi olaraq tamamilə bərpa olunduğunun şahidi olduq. Belə ki, cənab Prezident İlham Əliyev oktyabrın 15-də - ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 ilinin tamam olduğu gündə Xocalı, Ağdərə, Xankəndi şəhərlərində və Suqovuşanda Azərbaycan bayrağını ucaltmaqla suverenliyimizin tam bərpa olunduğunu bütün dünyaya çatdırdı. M.Məhərrəmov daha sonra 18 oktyabr – Müstəqilliyin bərpası günü barədə danışaraq Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözlərini tələbələrin diqqətinə çatdırıb və müstəqilliyimizin qorunması istiqamətində Ulu Öndərin və onun layiqli davamçısı İlham Əliyevin gördüyü işləri qeyd edib. O, həmçinin, dövlətimizin daha da güclənməsi, qazanılmış nailiyyətlərin qorunması və artırılması işlərində gənc nəslin, xüsusən tələbələrin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. Daha sonra Fizika fakültəsi III kurs tələbəsi Aytac Quliyeva Fizuli şəhərinin işğalı və azad olunması, artıq Fizuliyə qayıdışın başlaması barədə məruzəsini təqdim edib. FakültəninI kurs tələbəsi Zəhra Ələkbərova Fizuliyə həsr olunmuş şer söyləyib. Tarix fənnini tədris edən dosent Ərşad Həsənov 2020-ci ildə 44 günlük savaşda və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatında qazanılmış qələbələrin xalqımızın tarixinə yazılan ən parlaq səhifələr olduğunu, başımızı ucaltdığını, dünyada qürurlu bir xalq kimi tanınmağımızı təmin etdiyini vurğulayıb. Sonra tələbələrin hazırladığı videoçarx nümayiş olunub.