Fizika fakültəsində tələbələrin Eldar Məsimovla görüşü
Fizika fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Fakültəmizi tanıyaq” layihəsi çərçivəsində tələbələrin Maddə quruluşu kafedrasının müdiri professor Eldar Məsimovla görüşü keçirilib. Görüşdə həmçinin fakültə rəhbərliyi və müəllimlər iştirak ediblər. Görüşü fakültə THİK sədri Lamiyə Həmidova açaraq Eldar Məsimovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi.
Eldar Əli oğlu Məsimov 17 dekabr 1941-ci ildə Şəmkir rayonunun Çinarlı kəndində anadan olub. 1947-1957-ci illərdə Şəmkir rayonu Çinarlı kənd orta məktəbində təhsil alıb və orta məktəbi “qızıl medal”la bitirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub, 1960-cı ildə təhsilini davam etdirmək üçün Xarkov Dövlət Universitetinə göndərilib,1963-cü ildə həmin universitetin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1963-1966-cı illərdə Ukrayna Fizika-Texniki İnstitutunun aspirantı olub. 1969-cu ildə 03.00.02-“Biofizika” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1974-cü ildə dosent elmi adını alıb. 1984-cü ildə Moskva Dövlət Universitetində biofizika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə professor elmi adı alıb. Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, Avropa Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür. 2011-ci ildə Rusiyanın Təbiət Elmləri Akademiyasının Təltif və Mükafatlar Komissiyası Eldar Məsimova «Bioloji strukturların təşkili prinsipləri» еlmi məktəbinin yaradıcısı adını verib və onun adı «Rusiyanın Elmi məktəbləri» ensiklopediyasına (Российские научные школы, том IV, c. 165) daxil edilib. V.İ.Vernadskiy adına medalla, A.Nobel adına medalla, Avropa elmi-sənaye palatası tərəfindən Keyfiyyət Diplomu (DİPLOMA Dİ MERİTO) və Avropa qızıl medalı ilə, Avropa elmi-sənaye konsorsiumunun qərarı ilə fizika-riyaziyyat elmləri sahəsindəki xidmətlərinə görə Vilhelm Leybnis medalı ilə, 9 müxtəlif mötəbər beynəlxalq təşkilatlardan təşkil olunmuş “Avropa Elmi-Sənaye Konsorsiumun” qərarı ilə “Avropa keyfiyyətli” qızıl medalı ilə, Rusiya Təbiətşünaslıq Akademiyasının Rəyasət heyətinin və “Avropa Elmi-Sənaye Konsorsiumunun” təltif komissiyasının qərarına əsasən “Böyük Pyotr” (“Небываемое бывает”) ordeni ilə, "PRIMUS INTER PARES - ПЕРВЫЙ ИЗ РАВНЫХ" Ordeni (Rusiya Təbiət Elmləri Akademiyası) ilə təltif olunub. 2020-ci ildə Eldar Məsimovun "Вода" (2018) və həmmüəllifi olduğu "Растворы" (2011) monoqrafiyaları Rusiyanın Təbiət Elmləri Akademiyası tərəfindən seçilərək əvvəl Moskva şəhərində Beynəxalq Kitab Sərgisində nümayiş etdirilib və hər iki kitab qızıl medala layiq görülüb. Daha sonra Almaniyanın Frankfurt şəhərində Beynəxalq kitab Sərgisində Rusiyanın Təbiət Elmləri Akademiyasının stendində nümayiş etdirilib və hər iki kitab yenə də qızıl medalla mükafatlandırılıb. Eldar Məsimov «Əməkdar elm və təhsil xadimi» fəxri adına layiq görülüb, bir çox dövlət mükafatları ilə təltif olunub. 1992-ci ildən Fizika fakültəsi Maddə quruluşu kafedrasının müdiridir.
Sonra uzun illər Eldar Məsimovla birgə çalışan fakültənin professorları Səcidə Əbdülvahabova, Niftalı Qocayev, Vaqif Salmanov, dosent Məmməd Rəcəbov, dekan Bəxtiyar Paşayev, dekan müavini Məhəmməd Məhərrəmov Eldar Məsimov barəsində ürək sözlərini söylədilər, onun həyat və fəaliyyətinin tələbələr üçün əsl örnək olduğunu qeyd etdilər. Tədbirin sonunda Edar Məsimov tələbələri maraqlandıran sualları cavablandırdı.