Fizika fakültəsində tələbələrin professor Mais Süleymanovla görüşü keçirilib
18 oktyabr 2023-cü il tarixində BDU Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Fakültəmizi tanıyaq” layihəsi çərçivəsində tələbələrin Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, “Maddə quruluşu” kafedrasının professoru Mais Süleymanovla görüşü keçirilib.
Mais Kazım oğlu Süleymanov 1953-cü ildə Bakı şəhərində anadan olub. 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika institunda əmək fəaliyyətinə başlayıb, həmin ildən Moskva vilayətinin Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Yüksək Enerjilər Laboratoriyasında elmi tədqiqtlar aparıb. 1980-ci ildə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi dərəcəsini, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru dərəcəsini alıb. Çexiyada, Almaniyada, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) elmi araşdırmalar həyata keçirib. 2006-2020-ci illərdə Pakistanda xarici professor kimi fəaliyyət göstərib. 1982-ci ildə Azərbaycan Respublikası Lenin Komsomolu mükafati ilə təltif edilib.
Mais Süleymanov xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 535 elmi işin müəllifi və həmmüəllifidir. Onun elmi rəhbərliyi ilə 1 elmlər doktoru, 5-dən çox fəlsəfə doktoru yetişib.
Mais Süleymanovla görüşdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. “Fakültəmizi tanıyaq” layihəsinin müəllifi, Fizika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Lamiyə Həmidova Mais Süleymanovun həyat və fəaliyyətini əks etdirən təqdimatla çıxış edib. Sonra fakültə dekanı Bəxtiyar Paşayev, “Maddə quruluşu” kafedrasının müdiri Eldar Məsimov, “Nəzəri fizika” kafedrasının müdiri Məmməd Rəcəbov Mais Süleymanov haqqında ürək sözlərini söyləyiblər. Görüşdə çıxış edən Mais Süleymanov tədbirin təşkilatçılarına təşəkkür edərək həyatı və elmi yaradıcılığı, Fizika fakültəsində təhsil illəri, nüvə fizikasına marağın onda necə yaranması barədə, həyatında və elmi fəaliyyətində əhəmiyyətli rol oynamış şəxslər haqqında maraqlı məlumatları tədbir iştirakçıları ilə bölüşüb. O, həyatda uğur qazanmaq üçün tələbələrə dəyərli tövsiyələr verib.