Fizika fakültəsində tələbələrin professor Vaqif Salmanovla görüşü keçirilib.
23 dekabr 2023-cü il tarixində BDU Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Fakültəmizi tanıyaq” layihəsi çərçivəsində tələbələrin Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor Vaqif Salmanovla görüşü keçirilib.
Salmanov Vaqif Müseyib oğlu 1942-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə 199 nömrəli orta məktəbi qızıl medalla bitirərək, Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. Tələbəlik illərində Lenin təqaüdünə layiq görülüb. 1964-cü ildə BDU-nun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirərək aspiranturaya qəbul olunub. Aspiranturada təhsil almaq üçün Sankt-Peterburq (Leningrad) şəhərindəki A.F.loffe adına Fizika və Texnika İnstitutuna, professor S.M.Rivkinin laboratoriyasına göndərilib.
1969-cu ildə "Lazer şüalarının təsiri ilə şəffaf dielektriklərin dağılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
V.M. Salmanovun sonrakı elmi tədqiqatları A³B6 yarımkeçirici birləşmələrin lazer şüaları ilə qarşılıqlı təsirinə həsr olunub. Laylı quruluşlu GaSe və InSe kristallarında qeyri-xətti optik effektlər (harmonikaların generasiyası, çoxfotonlu udma hadisəsi, optik bistabillik, zonaların qeyri-xətti dolması) aşkar edilib bu maddələr əsasında yarımkeçirici lazerlər, optik filtrlər, nano-piko saniyəli detektorların hazırlanmasının mümkünlüyü göstərilib. Lazer ablasiyası üsulu ilə alınmış GaSe və InSe nanoquruluşlarda (4-20 nm) kvant ölçülü effekt müşahidə edilib.
V.Salmanov 1979-cu ildə "A³B yarımkeçirici birləşmələrində yüksək optik həyəcanlaşmada qeyri-xətti və qeyri tarazlıqda olan elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 250-dən artıq elmi məqalənin, 3 monoqrafiya, 15 kitabın müəllifidir. Indeksli jurnallarda çap olunmuş 160 məqaləsinə 408 istinad (citations) edilib, reytinq (h-index) balı 10-dur. Onun rəhbərliyi ilə 3 doktorluq və 10 namizədlik dissertasiyaları müdafiə edilibr.
- Salmanov Kiyev şəhərində T. Şevçenko adina Kiyev Universitetində Fransız dili üzrə bir illik hazırlıq kursunu fərqlənmə diplomu ilə bitirib və təhsilini Fransanın Monpelye Universitetində davam etdirib. 1982-1986-cı illərdə Əlcəzair Respublikasının Sidi-Bel-Abbas şəhərində Sovet missiyasının rəhbəri və Universitetin Fizika kafedrasının müdiri vəzifəsində çalışıb. 1992-1998-ci illərdə Təbriz Universitetinin "Tətbiqi Fizika Mərkəzi"ndə elmi-tədqiqat işləri aparıb, 24 maqistr və aspirantın elmi tədqiqat işlərinin rəhbəri olub.
V.Salmanov 1967-ci ildən Yarımkeçiricilər fizikası kafedrasında elmi və pedaqoji fəaliyyətə başlayıb, 1981-ci ildən Yarımkeçiricilər fizikası kafedrasının professorudur. 2014-cü ildən həmin kafedrasının müdiri vəzifəsində çalışır. 2009-cu ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. BDU-nun Elmi Şurasının Elmi katibi, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Fizika və Astronomiya elmləri üzrə ekspert şurasının sədr müavinidir.
Vaqif Salmanovla görüşdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. “Fakültəmizi tanıyaq” layihəsinin müəllifi, Fizika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Lamiyə Həmidova Vaqif Salmanovun həyat və fəaliyyətini əks etdirən təqdimatla çıxış edib. Vaqif Salmanovun nəvəsinin onun haqqında hazırladığı video-çarx nümayiş olunub. Sonra fakültə dekanı Bəxtiyar Paşayev, Vaqif Salmanovun təəbə yoldaşları – Bərk cisimlər fizikası kafedrasının dosenti Eldar Həsənov, Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova və dosenti Lyudmila Həsənova, ... direktoru Mais Süleymanov Vaqif Salmanov haqqında ürək sözlərini söyləyiblər, xatirələrini bölüşüblər. Sonda Vaqif Salmanov tədbirin təşkilatçılarına təşəkkür edərək həyatı və elmi yaradıcılığı, Fizika fakültəsində təhsil illəri, nüvə fizikasına marağın onda necə yaranması barədə, həyatında və elmi fəaliyyətində əhəmiyyətli rol oynamış şəxslər haqqında maraqlı məlumatları tədbir iştirakçıları ilə bölüşüb. O, həyatda uğur qazanmaq üçün tələbələrə dəyərli tövsiyələr verib.