Fizika fakültəsində ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin Fizika fakültəsində “Heydər Əliyev ili”nə həsr olunmuş tədbirlər çərçivəsində ustad dərsi keçirilib. Nəzəri fizika kafedrasının professoru, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü Sərhəddin Abdullayev Fizika fakültəsinin professor-müəllim heyəti, doktorantları, magistrant və tələbələri üçün “Elementar zərrəciklərin standart modeli: dünəni, bu günü və sabahı” mövzusunda mühazirə oxuyub. Bu sahədə uzun illər elmi araşdırmalar aparmış tədqiqatçı-alim ilk öncə elementar zərrəciklər və qarşılıqlı təsirlər, superqüvvə, simmetriyalar və saxlanma qanunları haqqında ümumi məlumat verib. Kainatın vahid fiziki nəzəriyyəsinin yaradılması cəhdlərinin çox əvvəllər də olduğunu qeyd edən məruzəçi, bu istiqamətdə əldə olunan nəzəri və təcrübi nailiyyətlərə diqqət çəkib və əsasən keçən əsrin 60-cı illərində əsası qoyulan elektromaqnit, zəif və güclü qarşılıqlı təsirlərin SUC(3)xSUL(2)xUY(1) lokal kalibrlənmə simmetriyasına əsaslanan vahid nəzəriyyəsinin - Standart Modelin yaranması ideyaları, simmetriyanın spontan pozulması və zərrəciklərin kütlə əldə etməsinin Hiqqs mexanizmi haqqında geniş danışıb. O, qeyd edib ki, keçən bir neçə on illər ərzində nəzəriyyənin irəli sürdüyü əsas müddəaların doğruluğu həm təcrübi və həm də nəzəri təsdiqini tapıb, təcrübədə Standart Model çərçivəsində varlığı öncədən söylənilən zərrəciklər və hadisələr kəşf olunub. Bu kəşflər arasında varlığı 1964-cü ildə Britaniya fiziki Peter Hiqqs tərəfindən nəzəri olaraq irəli sürülən və hiqqs sahəsinin kvantı hesab olunan Hiqqs bozonun 04 iyul 2012-ci ildə Böyük Hadron Kollayderi (LHC) çərçivəsində aparılan təcrübələr çərçivəsində CMS və ATLAS Kollaborasiyaları tərəfindən tapılması xüsusi yer tutur.
Prof. Sərhəddin Abdullayevin qeyd etdiyi kimi, BDU-nun nəzəri fizika kafedrasında uzun illərdən bəri elementar zərrəciklərin qarşılıqlı təsirlərinin Standart Model və son dövrlərdə bu modelin ən yaxın genişlənməsi hesab olunan Minimal Supersimmetrik Standart Model çərçivəsində öyrənilməsinə həsr olunan ardıcıl tədqiqat işləri aparılıb və bu gün də davam etdirilir. Hiqqs bozonun kəşfindən sonra bu tədqiqatlar arasında yeni zərrəciyin yaranma və parçalanma kanallarının tədqiqi xüsusi yer tutur. Bu məqsədlə bir sıra lepton-lepton və lepton-hadron toqquşma prosesləri öyrənilir. Təcrübəli alim qeyd edib ki, tədqiqatlarda zərrəciklərin polyarlaşma hallarının nəzərə alınması yaranan müxtəlif elektrozəif asimmetriyaların (irəli-geri bucaq, sol-sağ və eninə spin asimmetriyaları, doğulan fermionun uzununa polyarlaşma dərəcəsi və s.) qiymətləndirilməsinə və zərrəciklərin spin xassələri haqqında daha geniş məlumat almağa imkan verir. Həyata keçirilən bəzi tədqiqatlar haqqında geniş danışan alim alınan nəticələrin bir sıra tədqiqat mərkəzlərində hal-hazırda aparılan təcrübələrdə və gələcəkdə layihələndirilən yeni kollayderlərin işində istifadə imkanlarını qeyd edib.
Sonda məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, professor və müəllimlərin məruzə haqqında fikirləri dinlənilib.