Fizika fakültəsində Xocalı faciəsinin 34 illiyi ilə bağlı tədbir keçirilib

BDU Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Gənclər Təşkilatının və Könüllülər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı şəhidlərinin, eləcə də torpaqlarımızın azadlğı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış edərək Xocalı faciəsinin insanlıq tarixinin ən ağır faciələrindən biri olduğunu qeyd edib. O, Xocalı faciəsinin baş verdiyi tarixi şərait, faciənin baiskarları, məqsədləri, səbəbləri və xalqımızın qəlbində açdığı silinməz yaralar barədə danışıb, torpaqlarımızın işğaldan azad olunmasının və ərazi bütövlüyümüzün tamamilə bərpa edilməsinin düşmənlərimizə layiqli cavab olduğunu bildirib, tələbələrə ölkəmizin və xalqımızın tarixi ilə bağlı məlumatlara yiyələnməyi, bilikli olmağı, xarici ölkələrdə olarkən müxtəlif platformalarda haqq işimizi müdafiə etməyi tövsiyə edib. Bəxtiyar Paşayev həmçinin bu gün Qarabağda aparılan quruculuq işlərindən danışaraq, Qarabağımızın şəhidlərimizin ruhunun huzr tapaçağı bir cənnətə çevrildiyini qeyd edib. Sonra Fizika fakültəsinin tələbələri Sevgi Şirinova, Elnarə Günəşova, Aysun Hüseynova və Rahidə Astanlı Xocalı faciəsinə həsr olunmuş şerlər söyləyiblər. Sonda faciə barədə videoçarx nümayiş olunub.