Fizika fakültəsinin “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının əziz xatirəsini yad etmək məqsədilə onların məzarlarını ziyarət ediblər.

Bakı Dövlət Universitetinin Geologiya və Fizika fakültələri “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə 25 dekabr 2024-cü il tarixində Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş ağır təyyarə qəzasında həlak olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının əziz xatirəsini yad etmək məqsədilə onların məzarlarını ziyarət ediblər.
Qeyd edək ki, sözügedən faciə zamanı “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysi üzrə uçuşu həyata keçirərkən qəza enişi etmiş və nəticədə uçuş heyəti üzvləri həlak olmuşdur. Təyyarənin komandiri İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov həmçinin baş uçuş bələdçisi Hökümə Əliyeva xidməti vəzifələrini yerinə yetirərkən göstərdikləri peşəkarlıq və fədakarlığa görə sonradan Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər.
Ziyarət zamanı Milli Qəhrəmanların xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Tədbir çərçivəsində onların həyat və fəaliyyət yolundan, Vətənə və peşələrinə olan sədaqətindən, çətin və məsuliyyətli anlarda nümayiş etdirdikləri cəsarətdən bəhs edilib. Bildirilib ki, bu cür qəhrəmanlıq nümunələri gənc nəsil üçün həm mənəvi dayaq, həm də örnəkdir.
Tədbirin əsas məqsədi tələbələr arasında milli-mənəvi dəyərlərin təbliği, Milli Qəhrəmanlarımızın xatirəsinin daim uca tutulması, gənclərin vətənpərvərlik, məsuliyyət və vətəndaşlıq ruhunda tərbiyə olunmasına töhfə verməkdir. Bu kimi tədbirlərin gənclərin tarixi yaddaşının formalaşmasında və dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.