Fizika fakültəsinin doktorantı beynəlxalq konfransda məruzə edib.
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədov Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində təşkil olunan “Gələcək nəsil üçün material elmləri və nanotexnologiyalar” adlı X Beynəlxalq konfransda (10 th International Conference on the Materials Science and Nanotechnology for Next Generation (MSNG2023)) “Davamlı enerji yığımı üçün Nylon/Fe3O4 nanokompozit təbəqələri əsasında triboelektrik nanogeneratorun hazırlanması və icrası” (“Fabrication and performance of a triboelectric nanogenerator based on Nylon/Fe3O4 nanocomposite films for sustainable energy harvesting”) mövzusunda məruzə ilə çıxış edib.
Orxan Güləhmədov triboelektrik nanogenerator (TENG) və onun tətbiq sahələri, üstünlükləri, neylon və dəmir oksidi nanohissəcikləri əsaslı nanokompozit təbəqələrin TENG-də istifadəsi, onların elektrik xətlərinin monitorinqində öz-özünü enerji ilə təmin edən sensor kimi tətbiqi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.
Qeyd edək ki, 27-29 sentyabr tarixlərində Türkiyənin Kayseri şəhərində keçirilən MSNG2023 konfransı dünyada nanoelmlər və nanostrukturlar sahəsində əldə olunan ən son nailiyyətlərə həsr olunub. Konfrans nanostrukturlu materiallar, nanoqurğular, kimya, fizika, mexanika, kompüter simulyasiyası, stomatoloji materiallar, biotibbi tətbiqlərin müxtəlif aspektlərini əhatə edib.