Fizika fakültəsinin elmi seminarı keçirilib
12 iyun 2025-ci il tarixində Fizika fakültəsinin BDU Nanoaraşdırmalar ETL ilə birgə elmi seminarı keçirilib. Seminarda fakültənin doktorantı Əfsanə Surxaylı “Sİ-PS və Sİ-PVX polimer nanokompozitlərin quruluşu və fiziki xassələri” mövzusunda məruzə edib. Məruzəçi nanoölçülü silisium (Si) hissəcikləri əlavə edilmiş polistirol (PS) və polivinilxlorid (PVX) əsaslı termoplastik polimer nanokompozitlərin quruluş və fiziki xassələrinin öyrənilməsi üzrə tədqiqatların nəticələrini təqdim edib. O, bildirib ki, termoplastik polimerlər öz zəncirvari quruluşları sayəsində xarici təsirlərə (mexaniki, istilik və s.) qarşı yüksək həssaslıq göstərir və bu təsirlər nəticəsində onların üstmolekulyar quruluşunda müəyyən dəyişikliklər baş verir. Bu xüsusiyyətlər həmin materialları molekulyar fizikanın müxtəlif problemlərinin tədqiqi üçün əlverişli model sistem kimi səciyyələndirir. Tədqiqat işində polimer matrisə nanoölçülü Si hissəciklərinin daxil edilməsinin polimerlərin struktur və funksional xassələrinə təsiri molekulyar səviyyədə araşdırılıb.
İşdə PS və PVX polimerlərinə Si nanohissəciklərinin müxtəlif konsentrasiyalarda daxil edilməsi nəticəsində alınan nanokompozitlərin struktur-xassə əlaqələri kompleks şəkildə tədqiq edilib. Tədqiqatın əsas məqsədi, nanoölçülü Si hissəciklərinin PS və PVX polimer matrislərinə daxil edilməsi ilə bu materiallarda baş verən struktur dəyişiklikləri və bu dəyişikliklərin nəticəsində yaranan fiziki və fiziki-kimyəvi xassələrin dəyişməsinin araşdırılmasından ibarətdir. Bu məqsədlə bir sıra eksperimental metodlardan (İnfaraqırmızı spektroskopiya, Raman spektroskopiya, Skanedici elektron mikroskopiya, Rentgen difraksiya, Termoqravimetrik analiz, Diferensial termik analiz və Spektroskopik ellipsometriya) istifadə olunub.
Seminarda təqdim olunan məruzə maraqla qarşılanıb, mövzu üzrə müzakirələr aparılıb və məruzəçi sualları cavablandırıb.