Fizika fakültəsinin elmi seminarı keçirilib
22 may 2025-ci il tarixində Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda fakültənin Ümumi fizika və FTM kafedrasının elmlər doktoru elmi dərəcəsi üzrə doktorantı, Azərbaycan Dövlət Pedaqoji Unuversiteti Fizika fakültəsinin dekanı Arzu Daşdəmirov “Optik aktiv xalkogenidlərdə termik və optik xassələrin formalaşmasına kation-kation əvəzləmələrinin təsiri” mövzusunda doktorluq dissertasiya işi üzrə məruzə edib.
Məruzəçi bildirib ki, GeS laylı kristalında Ge atomlarının qismən Nd, Sm və Gd atomları ilə əvəzləmələri ilə alınmış kristalların quruluşunun öyrənilməsi zamanı 1%-ə qədər kation-kation əvəzləmələri ilə alınmış birləşmələri bir fazalı olduğu və bu birləşmələrin kristal quruluşlarının Pnma fəza qruplu ortorombik sinqoniyalı quruluşa uyğun gəldiyi müəyyən edilmişdir. Yüksək temperaturlarda (25 °C ≤ T ≤ 750 °C) Ge0.09Nd0.01S laylı kristalının termik xassələrinin tədqiqi zamanı T = 150 °C, 181 °C, 428 °C, 480 °C, 596 °C, 671°C, 723 °C və 760 °C temperaturlarda termik effektlər müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, bu termik keçidlər parçalanma, buxarlanma, quruluşda yaranmış defektlərin rekombinasiyası kimi proseslər zamanı enerji udulmasına uyğun gəlir.
Yüksək temperaturlarda Ge0.09Nd0.01S laylı kristalının termik xassələri tədqiqi zamanı müəyyən edilmişdir ki, T = 596 °C temperaturda faza keçidi baş verir. Məlum olub ki, bu faza keçidi sistemin bərk haldan maye hala keçməsi ilə əlaqədar olaraq ərimə temperaturuna uyğundur. Ge → Nd kation-kation əvəzləmələri nəticəsində alınmış GeS kristalında temperaturun qiymətinin artması ilə fotokeçiricilik spektrindəki maksimumlar böyük dalğa oblastına tərəf sürüşmüşdür ki, bu da kristalların fotohəssaslığının zəifləməsi ilə izah edilmişdir. İşıq enerjisinin E = 1.4 eV qiymətində, 200 K ˂ T ˂ 250 K temperatur intervalında fotokeçiricilik spektrində əlavə maksimum yaranmışdır ki, bu da istiliyin təsiri ilə eksiton-aşqar kompleksinin disossasiyasının göstəricisidir. GeS və Ge0.99Gd0.01S laylı kristalları üçün λ = 620-750 nm dalğa uzunluğu intervalında alınmış fotolüminessensiya spektrlərinin tədqiqi zamanı müəyyən edilmişdir ki, λ = 685 nm dalğa uzunluğunda bu birləşmənin hər birinin spektrində maksimum müşahidə edilir. Ge0.99Gd0.01S birləşməsi üçün alınmış fotolüminessensiya spektrinin GeS kristalı üçün alınmış fotolüminessensiya spektri ilə müqaisədə maksimumun intensivliyi bir neçə dəfə çox olmuşdur ki, bu da gadalinium atomunda 6Pj → 8Sj keçidi (Gd3+, 4f – 4f keçidi) ilə əlaqədar olaraq izah edilmişdir. Müəyyən edilmişdir ki, Cu2-xTmxSe (x = 0.1, 0.2, 0.3) birləşmələrinin kristal quruluşu R-3m (166) fəza qrupuna və romboedrik sinqoniyaya uyğun gəlir. Sistemdə Tm atomlarının konsentrasiyası artdıqca qəfəs parametrlərinin qiymətlərində artma müşahidə edilmişdir ki, bu da Tm atomlarının ion radiusları ilə Cu atomlarının ion radiusları arasındakı fərqə uyğun gəlir.
Seminarın sonunda suallar cavablandırılıb və müzakirələr aparılıb.