Fizika fakültəsinin elmi seminarı keçirilib
24 noyabr 2022-ci il tarixində Fizika fakültəsi Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedra müdiri Rəhim Rəhimov “Fizika dərslərində saxlanma qanunları və simmetriya haqqında təsəvvürlərin formalaşdırılması” mövzusunda məruzə edib. O bildirib ki, şagirdlərdə dünyanın fiziki mənzərəsi haqqında tam təsəvvürlərin formalaşdırılması üçün simmetriya pirinsiplərinə uyğun olaraq saxlanma qanunlarının çıxarılmasının mümkünlüyünü izah etmək lazımdır. Məruzəçi simmetriya anlayışının fizika dərslərində tətbiqini öyrənərkən riayət edilməli olan metdodiki qaydaları sadaladı və qeyd etdi ki, fizika qanunlarına münasiətdə simmetriya, həmin qanunların bu və ya digər çevrmələrə nəzərən dəyişməzliyini ifadə edir. Şagirdləri orta məktəb fizika kursunda müxtəlif mövzuların tədrisi zamanı simmetriya əlamətlərinin təzahürləri ilə tanış etdikdən sonra onların dünyagörüşünu zənginləşdirən aşağıdakı nəticələrə gəlmək olar:
- Simmetriya - fiziki obyektlər və fiziki hadisələrin quruluşunda qərarlaşma, nizamlılıq, tamlıq, gözəllik və məqsədəuyğunluq deməkdir.
- Simmetriya – fiziki cisimlər və fiziki hadisələr üçün onların hər hansı dəyişməsində xassələrin və münasibətlərin saxlanmasını ifadə edir.
- Simmetriya prinsiplərindən saxlanma qanunlarını, onlardan fizikanın xüsusi qanunlarını və bu qanunlara tabe olan almaq olar.
- Simmetriya və asimmetriya bir yerdə vəhdət təşkil edirlər, dialektik qarşılıqlı təsirdə olurlar. Fiziki hadisələrin gözəlliyi və harmoniyası həmişə simmetriya ilə deyil, daha çox simmetriya və asimmetriyanın dialektik birləşməsi ilə müəyyən olunur.
- Simmetriya prinsipləri elmi biliyin zirvəsində dayanır.
Beləliklə, orta məktəb fizika kursunda simmetriya prinsiplərinin şagirdlər tərəfindən öyrənilməsi onlara fiziki biliyin formalaşmasında mövcud olan ardıcıllığın mənasını və incəliyini başa düşməyə imkan verir. Bu isə öz növbəsində onların şüurunda dünyanın fiziki mənzərəsinin formalaşmasına kömək olur.