Fizika fakültəsinin elmi seminarında enerji problemləri müzakirə olunub
12 mart 2024-cü il tarixində Fizika fakültəsinin Fiziki elektronika kafedrasının elmi seminarı keçirilib. Seminar 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində enerji problemlərinə həsr olunub. Seminarda Fiziki elektronika kafedrasının dosenti Şahin Ələkbərov “Müasir dünyada enerji problemi. Klassik və BOE mənbələri. Enerjinin akkumulyasiyası və çevrilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, müasir dünyada enerjiyə tələbat, ənənəvi və bərpa olunan enerji mənbələri sahələrində enerji istehsalı problemləri ciddi maraq kəsb edir. Bu istiqamətdə aparılan tədqiqatların əsas məqsədləri enerjinin akkumulyasiyası, saxlanılması, çevrilməsi və enerji tələb olunan qurğulara ötürülməsi kimi məsələlərin həll edilməsidir. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fakültə alimləri tərəfindən bu problemə diqqətin ayrılmasını zəruri edir. Ş.Ələkbərov müxtəlif enerji mənbələrinin elmi və praktik məqsədlərlə müxtəlif sahələrdə tətbiqi haqqında ətraflı məlumat verib. O, həmçinin, müxtəlif enerji mənbələrinin ekologiya, təlükəsizlik və iqtisadi səmərəlilik baxımından müqayisəli təhlilini təqdim edib. Seminarın sonunda suallar cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.