Fizika fakültəsinin elmi seminarında süni intellekt barədə danışılıb

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminarı keçirilib. Seminarda fakültənin Astrofizika ixtisaslaşması üzrə I kurs magistrantı Könül Əhmədova “Fizika elminə Süni İntellektin inteqrasiyası və gələcək istiqamətlər” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi süni İntellekt, süni intellekt sistemlərinin arxitekturası, işləmə prinsiplərinin fizika ilə əlaqələndirlməsi barədə danışıb, süni intellektin fizikada tətbiq olunmasının tədqiqatlara necə təsir edəcəyi, fizikanın hansı sahələrinə tətbiq olunduğu haqqında məlumat verib və bildirib ki, Süni intellektin istifadəsi elmə yanaşma tərzimizi dəyişdirərək, əvvəlkindən daha sürətli yeniliyi görməyə, kəşflər etməyə, hesablamağa və proqnozlaşdırmağa imkan verir. Könül Əhmədova Süni intellektin hazırkı dövrdə istifadəsinin üstünlüklərinindən və çatışmazlıqlarından bəhs edərək, Süni İntellekt sahəsində “Qara qutu” problemini izah edib və mümkün olacaq həll yollarından bəhs edib.
Məruzə ilə bağlı BDU Elm və İnnnovasiyalar Mərkəzinin Direktoru Farid Nağıyev, Doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov və fakültənin nəzəri fizika kafedrasının müəllimi Məcid Qocayev fikirlərini bildiriblər və fizikada Süni İntellektin tətbiqlərinin əhəmiyyətli olduğunu vurğulayıblar. Sonda məruzəçi sualları cavablandırıb.