Elmi seminarda Texnofest barədə danışılıb
20 oktyabr 2022-ci il tarixində Fizika fakültəsinin elmi seminarı keçirilib. Əsasən tələbələrin iştirak etdiyi seminarda “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Orxan Güləhmədov və Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi Sara Rəhimzadə “TeknoFest və gənc tədqiqatçılar üçün perspektivlər” mövzusunda çıxış ediblər. Seminarda həmçinin fakültə rəhbərliyi və professor müəllim heyəti iştirak edib. Sara Rəhimzadə seminar iştirakçılarına TeknoFestin tarixi, keçirilmə məqsədləri, onun beynəlxalq bilik yarışması kimi təşəkkül tapması, Azərbaycanın həmin festivalın keçirildiyi ilk xarici ölkə olması, 26-29 may 2022-ci il tarixlərində Bakıda keçirilmiş Texnofest-Azərbaycan, onun kateqoriyaları barədə məlumat verdi. O, BDU-nun “Nano” komandasının tərkibində qalibi olduqları “Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması” adlı layihə haqqında danışdı. Texnofest-Azərbaycandan maraqlı görüntülər nümayiş edildi. Sonra Orxan Güləhmədov tərəfindən seminar iştirakçılarına cari ilin avqust ayında Türkiyənin Samsun şəhərində “TeknoFest Karadeniz 2022” və 2023-cü ildə keçiriləcək “TeknoFest İstanbul 2023” festivalı barədə məlumat verildi. Texnofestin bütün kateqoriyaları və gələcək perspektivlərindən danışan Orxan Güləhmədov bu texnologiyaların gələcəyə yönəlik bir addım olduğunu vurğulayaraq ideyası olan hər kəsin bu festivala qatılmasının mümkünlüyünü, xüsusən tələbələrin bu işdə fəallıq göstərməli olduğunu qeyd etdı. Bu nöqteyi-nəzərdən gələcək festivallarda iştirakın vacibliyi və ideyaların inkişafı haqqında diskussiyalar aparıldı.
Sonda seminar iştirakçılarının sualları cavablandırıldı.