Fizika fakültəsinin əməkdaşı İsraildə elmi ezmiyyətdə olub
Bakı Dövlət Universiteti Fizika fakültəsi Fiziki elektronika kafedrasının baş müəllimi Şirxan Hümbətov Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibi olaraq, "Perovskit–maye kristal hibrid strukturları ilə effektivliyi artırılmış günəş elementlərinin hazırlanması" layihəsi çərçivəsində, 21-30 aprel tarixlərində İsrailin Beer Şeva şəhərində yerləşən Ben-Qurion Universitetinin Fotonika və Elektro-Optik Mühəndislik Laboratoriyasında elmi ezamiyyətdə olub.
Şirxan Hümbətov ezamiyyət müddətində laboratoriyanın tədqiqatçıları ilə birlikdə BaTiO2 nanohissəciklərinin iki müxtəlif maye kristal mühitində (müsbət və mənfi dielektrik anizotropyaya malik olan mühitlərdə) təsirlərini araşdırmaq üçün tədqiqat işləri həyata keçirib. Eksperimentlər zamanı BaTiO2 nanohissəciklərinin matris daxilində yüksək bircinsliklə paylanmasını təmin edən müasir texnologiyalar ilə yaxından tanış olub və elektro-optik yuvacıqların hazırlanması üsullarını öyrənib. Hazırlanmış nümunələr polarizasiya mikroskopu altında müşahidə olunub və xüsusi texnikalar vasitəsilə bu nümunələrin optik şəffaflıq (HAZE), maye kristal molekullarının relaksasiya müddəti, astana gərginliyi və işıq buraxma kimi parametrləri tədqiq edilib.
Aparılmış tədqiqatlar nəticəsində BaTiO2 nanohissəciklərinin araşdırılan parametrlərinin yaxşılaşdırılmasına mühüm müsbət təsiri müşahidə edilib. Xüsusilə, BaTiO2 nanohissəciklərinin tətbiqi ilə astana gərginliyinin ilkin olaraq 90 V-dan 20 V-a qədər azalmasına nail olunub. Bu, fotovoltaik günəş elementlərinin effektivliyinin artırılması istiqamətində mühüm bir töhfə hesab edilə bilər. Əldə edilən eksperimental nəticələr gələcəkdə daha yüksək effektivliyə malik fotovoltaik günəş panellərinin hazırlanması üçün mühüm perspektivlərə yol açır.