Fizika fakültəsinin əməkdaşlarının növbəti məqaləsi yüksək impakt faktorlu (Q2 kateqoriyalı) beynəlxalq jurnalda dərc edilib
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin əməkdaşlarının (Həbibə Şirinova, Əfsanə Surxaylı, Bəxtiyar Paşayev, Hüseyn Məmmədov, Maarif Cəfərov, Lalə Qəhrəmanlı) müəllifi olduğu “PS+Si əsaslı polimer nanokompozitin alınması, quruluşu və istilik- fiziki xassələri” (Preparation, characterization and thermal properties of the PS+ Si based polymer nanocomposites) adlı məqalə ABŞ-da dərc olunan və Web of Science Clarivate Analytics elmmetrik beynəlxalq bazasına daxil olan, yüksək impakt faktorlu "The Journal of Thermoplastic Composite Materials" (İF=3.6, Q2 kvartil) jurnalında dərc olunub.
Məqalədə termoplastik polimer olan polistrol (PS) və silisium (Si) nanohissəcikləri əsasında yeni polimer nanokompozit materiallar sintez edilib və bu nanokompozit materialların quruluşu və xassələri araşdırılıb. Müəyyən edilib ki, Si nanohissəciklərinin polimer matrisə daxil edilməsi, PS polimerinin istiliyə davamlılığını əsaslı şəkildə artırır, lakin Si nanohissəciklərinin daxil edilməsi polistrolun şüşələşmə temperaturuna təsir göstərmir. İşdə Si nanohissəcikləri ilə PS molekulları arasındakı qarşılıqlı təsir, həmçinin Si nanohissəciklərinin PS molekullarının mütəhərikliyinə təsiri “sərbəst-həcm nəzəriyyəsi” əsasında izah edilib. Qeyd edək ki, PS+Si tipli nanokompozitlərin alınma texnologiyasının işlənilərək optimallaşdırılması və xassələrinin tədqiqi, belə materialların elektronikada, biotexnologiyada, fotovaltaik sistemlərdə və s. istifadə imkanlarını əsaslı şəkildə genişləndirir.
"The Journal of Thermoplastic Composite Materials" jurnalı ABŞ-da polimerlər, nanokompozitlər, müxtəlif təbiətli doldurucular hesabına alınan materiallar, onların alınma texnologiyaları, emalı, ümumilikdə materialşünaslıq, materialların mexaniki xüsusiyyətləri, davamlılığı, dizaynı sahəsində məqalələr dərc edən dünyaca nüfuzlu jurnaldır.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://doi.org/10.1177/08927057241288195