Fizika fakültəsinin genişləndirilmiş iclası keçirilib
10 iyul 2025-ci il tarixində Fizika fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə genişləndirilmiş iclası keçirilib. İclasın gündəliyindəki əsas məsələ Bakı Dövlət Universitetinin Elmi Şurasına Fizika fakültəsindən üzvlərin seçkisinin keçirilməsi olub. İclasa BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov sədrlik edib. Sədr, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2025-ci il 07 mart tarixli, KQ-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə əsasən BDU-nun Elmi Şurasına üzvlərin seçilməsi qaydaları ilə iclas iştirakçılarını tanış edib. O, fakültənin səsvermə hüququ olan 91 əməkdaşından 76-nın iclasda iştirak etdiyini və yetərsay olduğunu (əməkdaşların ən azı 2/3 hissəsi) diqqətə çatdırıb və fakültə kafedraları tərəfindən Fizika fakültəsindən BDU Elmi Şurasına üzvlüyə iki nəfərin – Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabovanın və Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbovun namizədliyinin irəli sürüldüyünü qeyd edib. Sonra, Əsasnaməyə əsasən iclasda səsvermə hüququ olmayan dəvət edilmiş şəxslərdən ibarət üç nəfərlik Hesablama Komissiyası təşkil olunub. Gizli səsvermə keçirilib. Gizli səsvermənin nəticələrinə əsasən Sacidə Qafar qızı Əbdülvahabova və Məmməd Rəcəb oğlu Rəcəbov yekdilliklə Fizika fakültəsi üzrə BDU-nun Elmi şurasına üzv seçiliblər.
Fizika fakültəsi ailəsi olaraq, BDU Elmi Şurasının üzvü seçilməkləri münasibətilə Sacidə xanımı və Məmməd müəllimi təbrik edir, uğurlar arzulayırıq.