Fizika fakültəsinin magistrantı beynəlxalq konfransda iştirak edib
Fizika fakültəsinin Nəzəri Fizika kafedrasının “Nəzəri və riyazi fizika” ixtisaslaşması üzrə II kurs magistrantı İlyas Abuşzadə 2023-cü 24-28 aprel tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Geoelmlər Birliyinin (European Geosciences Union) Baş Assambleyası tərəfindən keçirimiş beynəlxalq konfransda iştirak edib. Qeyd olunan konfransda Avropanın və dünyanın müxtəlif ölkələrindən fizika, kimya, geologiya, sənaye və s. kimi elm sahələri üzrə alim və tədqiqatçılar iştirak ediblər.
Konfransın əsas məqsədi müasir biliklərin mübadiləsi, elmi müzakirələr və əməkdaşlıq, mütəxəssislər arasında təcrübə mübadiləsi və yeni layihələrin müzakirəsidir. EGU- 2023 Avropa ölkələrinin alimləri üçün böyük imkanlar yaradır. Tədbirin gənclərlə əlaqəsi ondan ibarətdir ki, gənc alimlər üçün tədqiqat və məlumat mübadiləsi, elmi təcrübə əldə etmək, yeni ideya və təcrübələrlə tanış olmaq üçün ən böyük platformalardan biridir. Konfransın fəaliyyəti sırasında gənc alimlərə öz tədqiqatlarını təqdim etmək, elmi sahədə ən son yeniliklər haqqında məlumat almaq, tədqiqatçılar və alimlərlə görüşmək imkanı verən geniş tədbirlər və seminarlar təşkil olunur. Bu cür tədbirlər həmçinin gənc alimlərin elmi bilik və bacarıqlarının artırılmasına kömək edir.
Konfrans həftəsi ərzində 16,357 təqdimat edildi ki, bunların 57%-i Erkən Karyera Alimlərinin (ECS) töhfələridir. Konfransda iştirakçıların elm üçün vaxt ayırmalarına təşviqi həyata keçirilib. Bu da geoelm, elm sənəti və kommunikasiya, şəbəkə, mükafatlar və medallar, iş və karyera və s. sahələrdə ən son təcrübə əldə etməyə imkan verib.
İlyas Abuşzadə konfransda “MHD-qabıq modelində maqnit spirallığının generasiyasının təhlili (Analysis of magnetic helicity generation in MHD-shell model)” mövzusunda məruzə edib. Onun təqdim etdiyi iş konfransın materiallarında dərc olunub. (Abushzada, I., Yushkov, E., and Sokoloff, D.: Analysis of magnetic helicity generation in MHD-shell model, EGU General Assembly 2023, Vienna, Austria, 24–28 Apr 2023, EGU23-16937, https://doi.org/10.5194/egusphere-egu23-16937, 2023.)